image-qanunla-reklam
image-536401678_1320306802782428_5917303784384639521_n

Dövlət sizin üçün burada gözəl şərait yaradıb

image-lady-day-az

Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

İşğaldan azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır. Sözsüz ki, Kəlbəcərin işğalı Azərbaycan xalqının həyatında ən ağır günlərdən biri idi. 1993-cü il aprelin 2-də rayon işğal olunub və 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal o dövr ölkədə hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti, başıpozuqluq, siyasi çəkişmələr nəticəsində baş vermişdi.

44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra cənab Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalanmış kapitulyasiya aktı ilə düşmən tərəfindən boşaldılaraq azad olunan Kəlbəcərdə ölkə başçısını bu tarixi yurdun doğma sakinləri ilə yenidən birgə görmək əsl bayram əhval-ruhiyyəsi yaratdı. Qalib xalqın qalib liderinin Kəlbəcər şəhərinin sakinləri ilə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi xalqımızın yaddaşında əbədi iz buraxacaq. Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən Prezident İlham Əliyev bu əsrarəngiz yurd yerimizi sürətlə dirçəltmək əzmini ortaya qoyub. Ölkə başçısının iradəsi ilə bu gün təkcə Kəlbəcər yenidən qurulmur, onunla birgə sakinlərin ümidləri, doğma torpağa inamı və gələcəyə olan güvəni də bərpa olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər rayonuna səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlərlə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir.

Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.

Bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və proses gələcəkdə də davam edəcək. Çıxışında Cənab Prezident bəyan edib ki, şəhərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq və onlar lazım olan bütün digər infrastruktur layihələri də icra edilib: “İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq bu ilki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.

Ölkə Prezidenti kəlbəcərlilərlə görüşündə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı”. Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır.

Həmçinin cənab Prezident qeyd edib ki, hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.

Bu günlərdə doğrudan da tarixi hadisələrə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur. Ölkənin artan nüfuzu “Böyük qayıdış”la yanaşı “Böyük sülh”ü də sürətlə yaxınlaşdırır.

Cənab Prezidentin Kəlbəcər səfəri bir daha göstərdi ki, zəfər yalnız hərbi qələbə ilə bitməyib, indi bu qələbə inkişafla davam edir. Kəlbəcər artıq müharibə izlərinin silindiyi, gələcəyə inamla baxan bir bölgəyə çevrilir. “Zəfərdən inkişafa uzanan yol”un real mənzərəsi məhz bu səfərdə öz əksini tapdı. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti tarixi uğurdur. Bu nailiyyət həm ölkəmizin strateji mövqeyini möhkəmləndirir, həm də regionda dayanıqlı sülh və əməkdaşlıq üçün yeni imkanlar açır.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki