image-qanunla-reklam
image-media-6237380e067fb-pyfc71ezuigkowbv4h68

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

image-lady-day-az

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

1970-ci illərdən etibarən Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti güclənmişdi. Belə bir şəraitdə respublika rəhbərlərinin ana dili məsələsini açıq şəkildə gündəmə gətirməsi həm cəsarət, həm də siyasi iradə tələb edirdi. Məhz bu dövrdə Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev xalqın milli kimliyini qorumaq üçün ən önəmli addımlardan birini atdı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu qərar təkcə hüquqi akt deyil, milli ruhun və özünüdərkin güclənməsinə xidmət edən simvolik hadisə idi. Həmin illərdə Ulu Öndərin Azərbaycanın müxtəlif ali təhsil və mədəniyyət ocaqlarında ana dilində çıxış etməsi, onu yalnız ünsiyyət vasitəsi kimi deyil, milli ideologiyanın dayağı kimi təqdim etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Heydər Əliyev özü bu addımı illər sonra belə xatırlayırdı: “Bu böyük sensasiya kimi qarşılandı… Dilini sevən, milli ruhla yaşayan insanlar bunu böyük bir hadisə kimi qəbul etdilər.” Müstəqil Azərbaycan Respublikasının qurulmasından sonra ana dilimizin hüquqi statusunun daha da möhkəmləndirilməsi və onun dövlət idarəçiliyində, təhsildə və ictimai həyatda geniş şəkildə tətbiqi Heydər Əliyevin dil siyasətinin əsas hədəfi oldu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, artıq müstəqil dövlətimizin öz dilinə verdiyi ali dəyərin və dövlətçilik anlayışının mühüm ifadəsi idi. 1998-ci ildən başlayaraq imzaladığı sərəncamlarla Ulu Öndər dilin tətbiqi, tədrisi və inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etdi. 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və elə həmin il təsis etdiyi 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, ana dilimizə verilən yüksək dəyərin parlaq ifadələridir.

Ümummilli Liderin ana dilinə göstərdiyi qayğı və formalaşdırdığı siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar, proqramlar və fərmanlar nəticəsində Azərbaycan dilinin istifadəsi genişlənmiş, qloballaşma dövrünün çağırışlarına uyğun şəkildə müasirləşdirilmişdir. 2004-cü ildən başlayaraq latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi, Milli Ensiklopediyanın nəşrinə start verilməsi, klassik ədəbiyyat nümunələrinin yenidən nəşri bu siyasətin əsas tərkib hissələrindəndir. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, eləcə də 2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə görülən işlərin sistemli və davamlı şəkildə aparıldığını təsdiq edir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən və prinsipial dil siyasətinin nəticəsidir. Bu siyasətin bu gün də uğurla davam etdirilməsi isə dilimizin gələcəyinə olan inamımızın və milli birliyimizin möhkəm təməlidir.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki