Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb.
Xarici işlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur.
Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir.
2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib.
1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.
Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova