Doğma Vətənə qayıdış
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə ulu öndər Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.
Bu gün bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş zamanın dahisi Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bir sözlə, Ümummilli lider, sözün əsl mənasında, ən böyük azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olaraq XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.
Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum ya ölüm” dövrü kimi qaldı. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Ulu öndər Heydər Əliyev zəkası idi. Bu dövrdə — 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən dahi lider Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.
Dahi siyasətçi xalqının ağır günündə -1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra — 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Ümummilli lider Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Ana Vətəndən – Böyük Azərbaycandan da Naxçıvanın səsinə cavab verən yox idi. Səriştəsiz rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoymuşdular. Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın halı ağır idi. Düşmənlərin torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, yurdumuz, o cümlədən də Naxçıvanımız bir siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev “olum ya ölüm” savaşımızın ən ağır cəbhəsindən — Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Ümummilli lider Heydər Əliyev şəxsiyyəti özünün yeganə silahı ilə — misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində xalqının mübarizliyinə, əzmkarlığına arxalanaraq doğma yurdumuzu tarixin ən ağır sınağından çıxara bildi.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri
Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı
Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olub, milli ideologiyanın əsasını qoyub, milli maraqlarımızın məğlubedilməz müdafiəçisinə çevrilib.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı status verildi.
Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. Xalq imperiyanın bərpası üçün cəhdlərə onun bu qəti etirazını razılıqla qarşıladı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bununla da Ulu Öndərin milli dövlətçiliyin bərpası üçün danılmaz fəaliyyətinin təməli qoyuldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.Bu Azərbaycan xalqının parlaq qələbəsi idi.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Dövlət müstəqilliyi haqqında Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.
Əlbəttə, müstəqilliyi əldə etmək çətindir, lakin, müstəqilliyi qoruyub saxlamaq daha da çətindir. Ancaq, tarix və tale bu dəfə Azərbaycan xalqının üzünə güldü, itirilmiş canlar bahasına əldə edilən müstəqillik qorundu və möhkəmləndi. Burada xüsusi qeyd etmək vacibdir ki, tarixin növbəti belə böyük şansının itirilməməsində, milli və müstəqil dövlətçiliyin qorunmasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri misilsizdir. Sanki tarix XX əsrin son onilliklərində qazanılacaq istiqlalın qorunması məsuliyyətini öz çiyinlərində daşıması üçün Ulu Öndər Heydər Əliyevi zəruri şərtlərdə yetişdirirdi.Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
Milli dövlətçiliyin bərpası
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsində baş vermişdir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri təmin olundu.
Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi sayəsində Azərbaycan dövlət müstəqilliyini itirməsi təhlükəsindən qurtuldu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
1993-cü ilin ortalarında baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, şəxsi düşüncələrini və fikirlərini irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummili Lider Heydər Əliyevin simasında görürdü.
1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu yükünü cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dəfə ictimai-siyasi sabitlik yarandı.
Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədidir!
Həcər Orucova – Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi.
Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı.
Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız yenidən dövlətçilik ənənələrini davam etdirərək öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir… Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir”.
1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşmuşdur. Lakin həmin dövrdə hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoymuşdu. Ölkədə yaranmış anarxiyadan cana doymuş, ən başlıcası isə müstəqilliyimizin itirilməsindən ehtiyatlanan xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu gün cəsarətlə demək olar ki, əgər belə bir məqamda Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi.
Ümummilli lider Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Bu gün isə cənab Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir, sarsılmaz edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki tək qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri