image-qanunla-reklam
image-baki

 Doğma Vətənə qayıdış

image-lady-day-az

Doğma Vətənə qayıdış.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Konstitusiya Aktında qeyd olunurdu ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Azərbaycanın müstəqilliyini bərpa etməsi keçmiş SSRİ məkanında və ondan kənarda cərəyan edən böyük tarixi proseslərin nəticəsi olsa da, xalqımızın müstəqillik yolu heç də rəvan olmadı, ilk günlərdən böyük çətinliklərdən keçdi. Bu mübarizə yolunda böyük öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanan siyasi proseslər müstəqillik tariximizin mühüm səhifəsini təşkil edir. 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana gələn böyük dövlət xadimi Heydər Əliyev həmin ilin sentyabrında Naxçıvan Ali Məclisinin deputatı seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən ilk iclasında müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul olundu. Xalqımızın müstəqillik mübarizəsi 11 ay sonra Azərbaycan parlamentində Konstitusiya Aktının qəbulu ilə məntiqi nəticəyə çatdı. Dövlət müstəqilliyinin elan olunması Azərbaycanda milli dövlətçiliyin bünövrəsinin qoyulması demək idi. “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı cox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapmışdır”, – deyə ulu öndər Konstitusiya Aktının əhəmiyyətini yüksək qiymətləndirmişdi.

Konstitusiya Aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Siyasi hakimiyyət xalqa məxsusdur. Azərbaycanın dövlət müstəqilliyini ilkin olaraq Türkiyə (9 noyabr 1991), sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991) və başqa dövlətlər tanıdı.

1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Müstəqilliyin əldə edilməsi xalqımız üçün nə qədər böyük tarixi nailiyyət idisə, onun qorunub-saxlanılması bir o qədər mühüm idi. Milli dövlətçiliyimizin qorunub-möhkəmləndirilməsi, Azərbaycan dövlətinin qazandığı uğurlar ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Milli liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlər, həyata keçirilən məqsədyönlü siyasət əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu.

Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənədin qəbulunun 32 ili tamam olur. 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı. Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi. 70 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, arzusu bariz şəkildə özünü göstərirdi. Üstəlik, bu tarixi proses Azərbaycanın suverenliynə və ərazi bütövlüyünə qəsd olan Dağlıq Qarabağ hadisələri – Ermənstanın respublikamıza qarşı ərazi iddiaları və hərbi təcavüzünün başlanması fonunda gedirdi… Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici olaylar 1990-1991-ci illərdə cərəyan etdi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul edildi.Analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin tozanağında faktiki görünməz olmuşdu. Sentyabrın 2-də separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş “Xalq Deputatları Soveti” adından qondarma “Dağlıq Qarabağ Erməni Respublikası”nın yaradılması barədə “qərar” qəbul edəndə Bakıda “Azadlıq” meydanında Xalq Cəbhəsinin mitinqi gedirdi. Cəbhə Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi. Sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünü buraxdığını bəyan etdi. Ali Sovetin oktyabrın 8-də davam edən növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixli sənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 Avqustda reallaşdırıldığını təsdiq edir. Bununla da, Azərbaycanın tarixən mövcudluğu, 28 May 1918-ci il tarixdə şərqdə ilk demokratik cumhuriyyətin məhz Azərbaycanda elan edildiyi və müəyyən müddətdə itirilmiş müstəqilliyi 30 avqust 1991-ci il tarixdə bərpa edildi.

 Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

Milli dövlətçiliyin bərpası.

Məlumdur ki, hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur. Öz azadlığı uğrunda son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix boyu belə mübarizələrdən keçib, azadlığa aparan yolda mürəkkəb şəraitlərdən çəkinməyib. Qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi. Azərbaycanın müstəqillik yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlandı. Proseslər 1990-1991-ci illərdə daha geniş və aktiv şəkildə cərəyan etdi. Yanvar hadisələri isə bu aktivliyi, mücadiləni daha da alovlandırdı. Ermənilərin Azərbaycan ərazisi olan Qarabağda başlatdığı seperatçılıq hərəkətlərinə ittifaq hakimiyyətinin və onun rəhbəri Mixail Qorbaçovun ədalətsiz yanaşması xalqı qəzəbləndirdi, xalq meydanlara çıxdı. Bu proseslərin məntiqi nəticəsi Azərbaycanın 1991-ci ilin sonunda ittifaqdan ayrılıb müstəqil dövlət kimi yaşamasına səbəb oldu. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Yeri gəlmişkən, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Ən əsası, Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

Müstəqil dövlətçilik məktəbi.

70 il sovet imperiyasının tərkibində öz mövcudluğunu sürdürən Azərbaycan azadlıq savaşını bir an belə dayandırmadı. Bu yolda minlərlə insan öz həyatını itirdi, lakin xalq azadlıq amalından dönmədi. 1980-ci illərin sonu və 1990-cı ilin əvvəllərində dünya yenidən qlobal miqyaslı ictimai-siyasi çaxnaşma ilə üzləşdi. Sovet imperiyasının süqutu başladı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün mücadiləyə qalxdı. “Ya indi, ya da heç zaman” dilemmasını müstəqilliyin xeyrinə həll etmək xalqın qarşısında duran ən böyük həyati çağırış idi. Həmin dövrdə ölkədə baş verən siyasi kataklizmlər dalğasında hakimiyyətin bir qrup səbatsız psevdo-siyasətçilərin əlinə keçməsi qazanılması mümkün olan müstəqilliyimizi ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu və üsullarını bilən yeganə siyasətçi Heydər Əliyev idi. Odur ki, Azərbaycanın müstəqilliyini qəbul etmək istəyən xarici qüvvələr onlara qulluq edən daxili xəyanətkarların vasitəsilə Heydər Əliyevin hakimiyyətə yaxınlaşmasını hər vəchlə önləməyə çalışırdılar. Bütün maneələrə və özünün ahıl yaşına baxmayaraq Heydər Əliyev azadlıq və müstəqillik mübarizəsindən geri çəkilmədi. Əksinə həyatının qalan hissəsini də xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etdiyini qürurla və cəsarətlə bəyan etdi.

Ölkəmizin təcavüzə məruz qaldığı və torpaqlarımızın işğal olunduğu ağır bir zamanda 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bu isə ona ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə yeni imkanlar yaratdı. Qəbul etdiyi ilk qərarlardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar oldu. Daha sonra qəbul edilmiş tarixi qərarlarla Naxçıvanın müdafiəsi və blokada şəraitində yaşaması və mübarizə aparması təmin olundu. Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.

“Hələ1990-cı ilin noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli Cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin Qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı. Odur ki, Naxçıvanda aparılan bütün müzakirələr və həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydə Əliyevin xalqın taleyi ilə bağlı verdiyi təkliflər, irəli sürdüyü təşəbbüslər və apardığı siyasət xalq tərəfindən yekdilliklə dəstəklənirdi. Belə cəsarətli və sonrakı dövrdə xalqın müstəqillik idealının gerçəkləşdirilməsində mühüm rol oynamış təkliflərdən biri də 1991-ci il avqustun 30-da məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Belə ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində o sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

 

 Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bu dövlətçiliyimizə qızıl hərflərlə yazılmış Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü idi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet məhz həmin Bəyannaməyə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və xalqın təkidi ilə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi. Bununla da dahi siyasətçi ölkənin siyasi həyatında daha yaxından iştirak etməyə başladı. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarlardan biri Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması olmuşdur. Milli Müdafiə Komitəsinin yaradılması həm də Naxçıvanda olan sovet qoşunlarına məxsus hərbi texnika və silahların ölkəmizdə saxlanılmasını təmin etmişdir. Sonradan isə Dövlət Milli Müdafiə Komitəsinin bazasında hərbi briqada və dviziya yaradılmışdı. Bütün bunlar o dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi idi.

Həmin vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. 1992-ci il noyabrın 21-də isə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi və bununla da xalqın Heydər Əliyevin ətrafında sıx birləşmə prosesi daha da sürətləndi və bu proses sonda Ulu Öndərin xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə nəticələndi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bununla da Heydər Əliyev-xalq birliyinin gücü digər bütün bölücü qüvvələrə qalıb gəldi. Həmin gün xalqımızın tarixində dönüş nöqtəsi oldu: Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı və Naxçıvandan başlayan müstəqilliyin bərpası artıq bütün Azərbaycan səviyyəsində təmin olundu.

 Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki