“Televiziya və radio şifahi və ədəbi dilimizin təbliğatçısı sayılır. Əgər bu sahələrdə çalışan şəxslər dilin ədəbi normalarını efirdə pozacaqsa, onda sıravi insanlardan nə tələb etmək olar?!” – bu fikirləri Qanunla.az-a açıqlamasında ekspert Gülər Cəfərova bildirib.
Ekspert bildirib ki, bu gün televiziya və radio aparıcılarının əksəriyyətinin leksik bazası, üslub tərzi, ümumi dil bilikləri yox dərəcəsindədir.
“Televiziya və radioda dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda edilən xəbərdarlıqlara və tənqidlərə rəğmən Azərbaycan televiziya məkanında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Başlıca qüsurlar isə aparıcıların peşəkarlığı ilə bağlıdır. Təəssüflər olsun ki, efirə çıxan aparıcıların böyük əksəriyyətinin nə jurnalistikanın qaydalarından, nə də ədəbi dilin normalarından anlayışı var. Bəzi aparıcıların nitqində, davranışında, geyimində xeyli nöqsanlar mövcuddur. Halbuki efirə çıxan insanda qüsur olmamalıdır. Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması, nitqlərində loru, kobud ifadələrə yol verməsi də artıq adı hal alıb. Nəzərə alınmalıdır ki, televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Bu səbəbdən efirdə hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Sovet dövründən sonra özəl telekanalların sayı az olduğu üçün telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma özəl telekanalların sayı artdıqca, ümumiyyətlə, verilişlər çoxaldıqca qaydalara əməl etmək unuduldu. Bir sözlə, telekanallarımız insanların zövqünü korlamağa başladı. Məlumdur ki, Azərbaycan dilinin işlənməsi ilə bağlı televiziyalarda dil şuraları fəaliyyət göstərir. Təəssüflər olsun ki, həmin şuralar formal fəaliyyət göstərir və verilişlərə nəzarət etmirlər. Azərbaycan Respublikası Audiovizual Şurasının dəfələrlə monitorinqlər təşkil etsə də, məsələni gündəmə gətirsə də, telekanal rəhbərləri problemin həlli istiqamətində davamlı tədbirlər görmürlər. Çünki telekanallarda dili bilməyən, Azərbaycan ədəbi dilinin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı çoxdur. Əvvəlki tələblər olmadığına görə, peşəkar əməkdaşların sayı da get-gedə azalır. Televiziyalara rəhbərlik edən şəxslər öz zövqlərinə uyğun şəkildə yaradıcı kontingent formalaşdırıblar. Onlar istədikləri aparıcını, istər müğənni, istərsə də başqa sahənin mütəxəssislərini efirə buraxırlar. Əlbəttə, müxtəlif peşə sahibləri də aparıcı ola bilərlər, lakin bir aparıcının Azərbaycan ədəbi dilinə bələd olmaması yolverilməzdir.” -deyə Gülər Cəfərova bildirib.
“Dil-üslub redaktə edən şəxslər aparıcı ilə xüsusi şəkildə məşğul olmurlar. Onların sözlərinə görə, televiziya aparıcılarından edilən tələblər yüksək səviyyədə deyil. Aparıcıların mütaliəsi çox zəifdir. İstifadə etdikləri leksik baza, üslub tərzi, ümumi dil bilikləri zəifdir. Bütün bunlar kamera qarşısına çıxan şəxslərin şəxsi keyfiyyəti ilə bağlıdır. Aparıcılar tamaşaçı və peşəkarlar qarşısında məsuliyyət hiss etmədikdə peşələrinə dırnaqarası yanaşırlar. Efirdə dialekt və şivələrdən istifadə edilməsi halları da məhz məişət davranışının nəticəsi olaraq meydana gəlir. Əvvəllər Dilçilik İnstitutunun və Azərbaycan Respublikası Audiovizual Şurasının monitorinqləri zamanı aparıcılar bir qədər diqqət etməyə, işə məsuliyyətlə yanaşmağa məcbur olurdular. Lakin indi televiziya və radio aparıcıları monitorinqlərə və tənqidlərə əhəmiyyət vermirlər. Bəzi aparıcılar sayəsində dilin obrazlılığı itib. Mütəxəssislərin sözlərinə görə, televiziya rəhbərləri aparıcıları seçərkən xüsusi diqqət etməlidir. Məsələn, dəfələrlə “demək” və “söyləmək” feillərinin işlənmə yerinə görə fərqləri olduğu bildirilib. “Axşamınız və ya sabahınız xeyirli olsun” ifadəsi düzgün deyil, “axşamınız və ya sabahınız xeyir” demək lazımdır. Söz sırasının pozulması, vurğunun düzgün qoyulmaması, alınma sözlərin və digər ifadələrin düzgün tələffüz edilməməsi ciddi nöqsanlar ortaya çıxarır. Bu məsələ hər zaman Azərbaycan Respublikası Audiovizual Şurasının və dillə bağlı olan vicdanlı insanları narahat edir. Dilə hörmət etmək, onun qaydalarına riayət etmək çox vacibdir, zərurətdir. Xüsusən, televiziya və radio şifahi və ədəbi dilimizin təbliğatçısı sayılır. Əgər bu sahələrdə çalışan şəxslər dilin ədəbi normalarını efirdə pozacaqsa, onda sıravi insanlardan nə tələb etmək olar?! Aparıcıların yol verdikləri qüsurlar onların təfəkkür səviyyəsi ilə bağlıdır. Bəzən deyirlər ki, danışan adamın nitq mədəniyyəti olmalıdır. Amma heç vaxt deyilmir ki, bu insana daha çox təfəkkür mədəniyyəti lazımdır. Təfəkkür mədəniyyəti nitq mədəniyyətini törədir. Təfəkkür mədəniyyəti olmayan aparıcılara sadəcə bəlağət öyrətməklə nitqi aşılamaq olmaz. Radio və televiziyanın dilini yüksəltmək üçün efirlər təfəkkürü güclü olan adamlara həvalə olunmalıdır. Düşüncə mədəniyyəti olmayan adamı ortaya çıxardıb, nitq mədəniyyəti tələb etmək absurddur. Hətta bəzən dilçi-alimlər, ümumiyyətlə, nitq mədəniyyəti deyilən anlayışı qəbul etmirlər. Onların fikrincə, nitqi ümumi intellektual səviyyə formalaşdırır. Təəssüflə vurğulamaq lazımdır ki, tamaşaçı və dinləyicilərlə bağlı cəmiyyətdə yanlış bir düşüncə mövcuddur. Bəzən iddia edilir ki, Azərbaycan ictimayyətinin maraqları ancaq şit, bayağı və dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziya rəhbərlərinin və aparıcılarının aqibəti hamıya məlumdur. Onlar maddi və mənəvi baxımdan gec-tez iflasa uğrayacaqlar.” -deyə Gülər Cəfərova əlavə edib.
Ekspert hesab edir ki, dilimizi qoruma hər bir kəsin borcudur.
“Dil xalqındır, onu tək-tük insanlar yaşatmır ki?! Məncə, bu sahədə problemlər insanların maddiyyata həddindən artıq meyl etməsindən irəli gəlir. Elm, təhsil, kitab sanki ikinci plana keçib. Adam tanıyıram ki, kifayət qədər çox pulu və vaxtı var. Amma həmin şəxsə hansısa kitabı oxumaq təklifi edəndə etiraz edir. Çünki maddiyyat mədəniyyəti tamam üstələyib. Televiziya və radiolarda şifahi nitq istifadə olunur. Şifahi nitqdə dil normaları ilə bağlı isə heç bir rəsmi qurumun xüsusi qərarı yoxdur. Etik normalara əməl edilməməsi tənqid olunur, amma konkret bir sözün tələffüzü ilə bağlı qərar mövcud deyil. Ona görə ilk olaraq normalar işlənib hazırlanmalıdır. İstər yeni söz yaradanda, istərsə də hansısa sözün qarşılığını axtaranda dilin qaynaq mənbələrindən yararlanmalıyıq. Dialekt sözlərin hesabına dil həmişə cavanlaşır. Ləhcə, dialekt sözləri inkar edənlərin mövqeyi düzgün deyil. Azərbaycan dilinə naqis deyənlər var. Əslində naqislik onu deyənin düşüncəsindədir. Azərbaycan türkcəsini bilməyən şəxs xarici dildə “danışmağa” çalışır. Amma bunu da düzgün bacarmır.”- deyə Gülər Cəfərova əlavə edib.