image-qanunla-reklam
image-media-img-20251013-wa0015-kl0zmrqan7p9tw2yvcfx

“Dəqiq məlumat-dayanıqlı inkişafın əsası”dır

image-lady-day-az

“Dəqiq məlumat-dayanıqlı inkişafın əsası”dır

Statistika müasir dövrdə dövlət siyasətinin formalaşdırılmasında, sosial-iqtisadi inkişafın qiymətləndirilməsində, qərarvermə proseslərinin əsaslandırılmasında və cəmiyyətin obyektiv məlumatlarla təmin edilməsində mühüm rol oynayan sahələrdən biridir. Bu əhəmiyyətli istiqamətin ictimaiyyətə daha da yaxından tanıdılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, hər beş ildən bir 20 oktyabr tarixi Ümumdünya Statistika Günü kimi qeyd olunur.
BMT-nin ilk dəfə 2010-cu ildə təsis etdiyi bu günün əsas məqsədi statistik məlumatların şəffaf, etibarlı və əhatəli şəkildə cəmiyyətə çatdırılmasının təşviq edilməsi, statistika sahəsində çalışan mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi və statistik idarələrin beynəlxalq əməkdaşlıqda rolunun gücləndirilməsidir. Hazırda bir sıra ölkələr, o cümlədən Azərbaycan Respublikası milli səviyyədə bu əlamətdar günü qeyd edir, statistik sistemin nailiyyətlərini və gələcək prioritetlərini ictimaiyyətə təqdim edir.
Bundan əlavə Azərbaycan statistikləri üçün 2025-ci il xüsusilə önəmli bir ildir. Bu il Azərbaycanda rəsmi statistikanın 105 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunmuşdur. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilmiş və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilmişdir.
Uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlamış, 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmış və bu tarixdən qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır. Qanunun qəbulu ilə statistika sahəsində yeni bir dövr başlamış, ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara əsasən müvafiq dəyişikliklər aparılmışdır. Həmdə qanunun qəbulu dövlət statistika orqanlarının nüfuzunun artmasında, hesabat intizamının yüksəlməsində və dövlət məlumatlandırma sisteminin təkmilləşdirilməsində əsas rol oynamışdır.
Ulu öndər Heydər Əliyev öz çıxışlarında Dövlət Statistika Komitəsinin işinə yüksək qiymət verərək “Statistika Komitəsi əsas dövlət orqanlarından biridir” və “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır” deyərək qeyd etmişdir.
Azərbaycan Respublikasında müasir statistika sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində son illərdə əhəmiyyətli addımlar atılmışdır. Dövlət Statistika Komitəsi tərəfindən aparılan islahatlar nəticəsində statistik məlumatların toplanması, işlənməsi və yayılması sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqəmsal yanaşmalar tətbiq olunmuş, istifadəçilər üçün daha çevik və açıq informasiya mühiti yaradılmışdır.
Statistik hesabatların elektron şəkildə qəbulu, avtomatlaşdırılmış yoxlama və məntiqi əlaqələrin müəyyənləşdirilməsi vasitəsilə məlumatların keyfiyyətinə nəzarət gücləndirilmiş, respondentlərin üzərinə düşən informasiya yükü azaldılmışdır. Eyni zamanda, istifadəçilər üçün elektron sorğu kitabları, interaktiv statistik göstəricilər, qrafik və analitik məlumat bazaları istifadəyə verilmişdir.
Saatlı rayon Statistika idarəsi olaraq, biz bu günün əhəmiyyətini yüksək qiymətləndirir və ölkəmizdə statistikanın inkişafı, məlumatların dəqiqliyi və etibarlılığı istiqamətində həyata keçirilən işləri diqqətə çatdırmaq istəyirik.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi altında Saatlı rayonunda statistik məlumatların toplanması, emalı və təhlili sahəsində müasir standartlara və beynəlxalq metodologiyalara uyğun fəaliyyət göstərilir. Statistik məlumatların dəqiqliyi və şəffaflığı dövlət siyasətinin əsas prinsiplərindəndir və bu prinsipə uyğun olaraq, biz rayonumuzun sosial-iqtisadi vəziyyətinə dair real vəziyyəti əks etdirən etibarlı rəqəmlər təqdim edirik.
Son illərdə Saatlı rayonunda kənd təsərrüfatı, əhalinin məşğulluq səviyyəsi, əhalinin gəlir və xərcləri, təhsil və səhiyyə sahələrində toplanan statistik göstəricilər dövlət proqramlarının icrasında və rayonun davamlı inkişaf strategiyasının formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
Ümumilikdə, statistik məlumatlar əsasında qərarların qəbul olunması dövlət idarəçiliyində şəffaflıq və səmərəliliyi artırır, vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Saatlı rayon Statistika idarəsi olaraq biz daima məlumatların keyfiyyətinin yüksəldilməsi, rəqəmsallaşmanın genişləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində fəaliyyətimizi davam etdiririk.
Bu əlamətdar gündə Saatlı rayonunun bütün sakinlərini, dövlət orqanlarını və ictimaiyyət nümayəndələrini statistik məlumatların cəmiyyət üçün əhəmiyyəti barədə məlumatlı olmağa və statistikaya dəstək verməyə dəvət edirik.
Ümumdünya Statistika Günü münasibətilə bütün həmkarlarımızı və statistikaya maraq göstərən bütün tərəfdaşlarımızı səmimi-qəlbdən təbrik edir, gələcək işlərimizdə uğurlar arzulayırıq.

Saatlı Rayon Statistika İdarəsinin
rəisi Rövşən İsayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki