image-qanunla-reklam
image-ff517b95-8ff4-4cdc-8ddc-f50f168d1f71

Deputat: Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədi və dönməz etdi

image-lady-day-az

18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi bir gündür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz müstəqil dövlətini bərpa etdi. Bu sənəd əsrlər boyu azadlıq, milli kimlik və dövlətçilik uğrunda mübarizə aparan Azərbaycan xalqının tarixi arzusunun reallaşması idi.

Qanunla.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlət quruculuğu ənənələrinə sahib olduğunu bütün dünyaya sübut etmişdi:

“Lakin cəmi 23 ay sonra müstəqilliyin itirilməsi xalqımızın azadlıq amalını sönməyə qoymadı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə yaranan tarixi şəraitdən istifadə edən xalqımız yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin bərpası ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu və xalqımız tarixin ən şərəfli səhifəsini yazdı”.

Parlamentari xatırladıb ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü oldu:

“Dövlətçiliyin bərpası ilə yanaşı, ölkə daxili çəkişmələr, iqtisadi böhran, xarici təzyiqlər və Ermənistanın təcavüzü ilə üz-üzə qaldı. Xalqımızın azadlıq arzusu təhlükə altına düşdüyü bir zamanda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası milli dövlətçiliyimizi xilas etdi. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, anarxiya və xaosdan qorudu, dövlətin dayaqlarını möhkəmləndirdi, siyasi sabitlik və ictimai etimadı bərpa etdi. Ulu Öndərin müdrik rəhbərliyi ilə qəbul edilən Yeni Konstitusiya, milli ordu quruculuğu, iqtisadi islahatlar və müstəqil xarici siyasət Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz əsasını yaratdı”.

“Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə bildirirdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Bu ideya bu gün də milli ideologiyamızın bünövrəsini təşkil edir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövləti, qlobal miqyasda isə etibarlı tərəfdaş kimi tanınır. Müstəqilliyimizin real məzmunu cənab İlham Əliyevin 22 illik prezidentliyi dövründə daha da dərinləşib, bu gün ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya və qətiyyətli siyasi iradəyə malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası dövlət müstəqilliyimizin ən parlaq təcəssümüdür. Bu Qələbə ilə Azərbaycan həm öz suverenliyini möhkəmləndirdi, həm də müstəqil dövlət kimi gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi”, – deputat S.Salmanova söyləyib.

 

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki