image-qanunla-reklam
image-17093591222247615408_1200x630

COP 29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir

image-lady-day-az

COP 29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.

Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi müna­sibətilə keçirilən andiçmə mərasimində deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralarda­yıq, artıq işlərə start verildi. Bizim plan­larımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni ener­ji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq im­zalanmış kontraktlar əsasında olacaq­dır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcm­də təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq”. Prezident İlham Əliyev nitqində, bundan sonra elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini, bununla da Azərbay­canın iqlim dəyişikliyi məsələlərinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsin­də də bu barədə ətraflı bəhs edib. Döv­lətimizin başçısı müxbirin “Cari il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, həqiqətən, Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yön­ləndirdiyini göstərir” fikrinə münasibət bil­dirərək deyib: “Düşünürəm ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıra­larda olmalıdır. Biz bunu ənənəvi ehtiyat­larımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpa­olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anla­yış yaratmaq istəyirik”.

Ölkə rəhbəri fikirini davam etdirərək hər il bunun Bakıda nəzərə çarpdığını, dəniz kənarında, hətta Bakının mərkə­zində yaşayan hər kəsin Xəzər dənizinin getdikcə daha da dayazlaşmasını şahidi olduğunu vurğulayıb: “Biz iqlim dəyişik­liyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağları­mızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”. Prezident İlham Əliyev müsahibədə, eyni zamanda, Azərbaycanın bərpaolu­nan enerji layihələri gündəliyinin çox iddi­alı olduğunu, Beynəlxalq Maliyyə Korpo­rasiyasının hesablamalarına əsasən, bu sahədə Xəzər dənizinin Azərbaycan sektorunda potensialın 157 giqavat təşkil etdiyini də diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb. Ölkə rəhbəri, həmçinin qarşıdakı 10 ilə respublikada bərpaolu­nan enerjidən maksimum dərəcədə isti­fadə edilməsinin və daxili bazarda təbii qaz istehlakınının azaldılmasının plan­laşdırımasını da xatırladıb.

Yeri gəlmişkən, ölkəmizdə Naxçı­van Muxtar Respublikası, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqti­sadi rayonları “yaşıl enerji zonaları” elan edilib. Həmçinin ətraf mühitin mühafizəsi düşməndən təmizlənən ərazilərin irimiq­yaslı bərpa və yenidənqurma prosesində prioritet istiqamət olaraq qəbul olunub. Bu ərazilərdə artıq “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tət­biqinə, ekosistemin bərpasına başlanılıb. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bərpaolunan enerji layihələrinin icra­sı bu torpaqlar işğaldan azad edilən ilk vaxtlardan etibarən diqqət mərkəzində saxlanıb. Belə ki, 2021-2023-cü illərdə Azərbaycanın bu bölgələrində ümumi gücü 170 meqavatt olan su elektrik stan­siyaları istismara verilib.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı. Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq yaşıl enerjinin inkişaf etdirilməsi həyata keçirilir. 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan yaşıl enerji tərəfdaşlığının miqyası qısa müddətdə genişləndi. Az bir vaxtda “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin yaşıl enerji kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisidir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov  

 

 

 

COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.

Son 20 ildə həyata keçirilən layihələr nəticəsində Azərbaycanın enerji sektorunda bərpaolunan enerjinin payı sürətlə artır və hazırda görülən işlər ölkədə dayanıqlı enerji təhlükəsizliyinin təmin olunmasını, Azərbaycanın regionda əsas bərpaolunan enerji ixracatçısına çevrilməsi məqsədini özündə ehtiva edir. Azərbaycanın bərpaolunan enerji sahəsində böyük inkişaf potensialına sahib olması və  ölkəmizin böyük külək və günəş resurslarına, həmçinin biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malikdir. Ölkəmizdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faizə çatdırılması hədəflənir. “Bərpaolunan enerji mənbələri iqtisadiyyatın şaxələndirilməsi təşəbbüsünün dəstəklənməsində mühüm rol oynaya bilər. Qlobal miqyasda məqsəd bərpaolunan enerji mənbələrinin 2050-ci ilə qədər enerji istehlakının üçdə ikisini və elektrik enerjisi istehsalının 86 faizini təmin etməsini tələb edir. Bu transformasiya, həmçinin dünya ÜDM-nin 2,5 faiz artımını və adi ssenari ilə müqayisədə qlobal məşğulluğun daha 0,2 faiz artımını təmin edəcək. Bərpaolunan enerji mənbələrinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa digər çoxsaylı faydalar da gətirə bilər. Bərpaolunan enerji mənbələri ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkədə texnoloji innovasiyalara imkanlar yaratmaqla və iqtisadi dəyərin və bununla bağlı ÜDM artımının təmin edilməsi üçün yeni sektorlar açmaqla yeni məşğulluq imkanlarının katalizatoru qismində çıxış edə bilər. Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpaolunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına da gətirib çıxara bilər. Bu sahənin inkişaf etdirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın enerji sektorunda ənənəvi yanacaqlardan istifadəni və asılılığı azaltmaq, enerji tələbatını davamlı şəkildə ödəmək məqsədilə bərpaolunan enerji istehsalı güclərinin genişləndirilməsidir. Ölkəmizdə xarici sərmayəçilər üçün yaradılan əlverişli investisiya mühiti və zəngin bərpaolunan təbii enerji resursları sayəsində bu sahəyə irimiqyaslı investisiyalar qoyulur: “Şübhəsiz ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yatırılan ən böyük xarici investisiyalardan biri, regionun ən böyük günəş elektrik stansiyası olan 230 meqavat gücə malik Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanın yaşıl enerji ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Mərhələli şəkildə həyata keçiriləcək layihələr əsasında ümumilikdə 700 meqavatdan artıq günəş və külək enerjisinin istehsalı nəzərdə tutulub ki, bu da ölkəmizə bərpaolunan enerjinin istehsalı, ekosistemin qorunması, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat kimi məsələlərlə bağlı regionda üstün mövqeyə malik olmasına zəmin yaradacaq. Həmçinin Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki