Cinayətlərin miqyası
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. 1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilib. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və ahıllar amansızcasına qətlə yetirilib, etnik təmizləmələr həyata keçirilib, yaşayış məntəqələri dağıdılıb, talan olunub, tarixi və dini abidələrimiz məhv edilib. Erməni cəlladlarının on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırdığını xatırladan deputat qeyd edib ki, xüsusilə Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan olunub, minlərlə insan qətlə yetirilib. Tədqiqatçıların Şamaxı hadisələri ilə bağlı apardığı araşdırmalar nəticəsində erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, kənd və obalarda 6-8 min nəfəri qətlə yetirdiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib. Həmçinin Quba bölgəsində aşkar edilən kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd edilib. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb.
Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlarına, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. Otuz illik işğalla barışmayan ölkəmiz daxili gücünü səfərbər edərək tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ancaq edilən haqsızlıqlar heç zaman unudulmayacaq, xalqımızın yaddaşında dərin izlər buraxan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi



















