image-qanunla-reklam
image-632302240_1456621079150999_2942793480426841058_n

Cey Di Vensin Prezident İlham Əliyevlə birgə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi

image-lady-day-az

Cey Di Vensin Prezident İlham Əliyevlə birgə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi

Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət xətti bu gün beynəlxalq müstəvidə real nəticələri ilə diqqət çəkir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl və çevik şəkildə davam etdirilərək ölkəmizin milli maraqlarının qorunmasına, beynəlxalq mövqeyinin güclənməsinə və etibarlı tərəfdaş kimi tanınmasına xidmət edir. Son dövrdə Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərində müşahidə olunan fəallıq da məhz bu balanslı siyasətin praktik nəticəsi kimi dəyərləndirilə bilər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ hesab oluna bilər. Bu səfər yüksək siyasi etimadın, açıq dialoqun və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisidir. ABŞ tərəfinin regiona və Azərbaycana artan diqqəti keçirilən görüşlərin səviyyəsində və müzakirə olunan məsələlərin əhatə dairəsində də aydın hiss olunur. Prezident İlham Əliyevlə aparılan danışıqlarda siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik məsələləri əsas müzakirə mövzusu olub. Eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi xüsusi vurğulanıb. Azərbaycanın bölgədə sabitləşdirici və konstruktiv rolunun yüksək qiymətləndirilməsi ölkəmizin geosiyasi əhəmiyyətinin artdığını göstərən əsas amillərdəndir. Bütün bunlar ABŞ–Azərbaycan tərəfdaşlığının yeni və daha dərin mərhələyə daxil olduğunu deməyə əsas verir.

Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” münasibətlərin hüquqi və institusional bazasını daha da möhkəmləndirən mühüm sənəd kimi çıxış edir. Bu Xartiya əməkdaşlığın uzunmüddətli və sistemli xarakter daşıdığını təsdiqləyir. Sənəddə enerji sahəsində birgə fəaliyyətin genişləndirilməsi, qlobal enerji təhlükəsizliyinə töhfənin artırılması və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunun gücləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir. Bununla yanaşı, nəqliyyat və logistika marşrutlarının inkişafı, Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsi, ticarət dövriyyəsinin artırılması və yeni iqtisadi əməkdaşlıq sahələrinin açılması da prioritetlər sırasındadır. Qlobal təhlükələrə, terrorizmə və transmilli cinayətkarlığa qarşı birgə mübarizə məsələləri də sənəddə xüsusi yer tutur.

Cey Di Vensin Prezident İlham Əliyevlə birgə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi. O, Prezident İlham Əliyevin həm ABŞ, həm Türkiyə, həm də İsrail kimi mühüm tərəfdaş ölkələrlə etibarlı münasibətlər quran nadir liderlərdən olduğunu qeyd etdi. Bu yanaşma Azərbaycanın praqmatik və tarazlaşdırılmış xarici siyasət modelinin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Ölkəmiz müxtəlif siyasi mərkəzlər arasında etibarlı dialoq platforması və əməkdaşlıq körpüsü kimi çıxış edir.

Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar və sabitlik yaradan dövlət kimi qəbul olunur. Bu reallıq isə ABŞ ilə münasibətlərin gələcəkdə daha geniş və məzmunlu şəkildə inkişafı üçün möhkəm əsas formalaşdırır.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki