image-qanunla-reklam
image-1ad66944-00b1-4241-9048-1482e5742832_850

Cənub Qaz Dəhlizi

image-lady-day-az

Cənub Qaz Dəhlizi

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri yubanmalara baxmayaraq iki ildən artıqdır ki, fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Cənub Qaz Dəhlizi  “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı ölkələrinə tədarükünü nəzərdə tutur. Dəhliz, eyni zamanda Azərbaycanın digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına malikdir.

“Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək.

“Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qolları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var.

“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət  bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.

Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dünyada sənaye üsulu ilə neft hasilatına məhz Bakıda başlanılıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır.

Zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. Məlum geosiyasi səbəblərə görə hazırda Avropanın enerji resursları ilə təminatında, o cümlədən də qaz təchizatında ciddi çətinliklər yaranıb. Ənənəvi təchizat mexanizminin pozulması fonunda qoca qitə yeni mənbələrdən daha böyük həcmlərdə mavi yanacaq almaq istəyir. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. Azərbaycanın enerji strategiyası bütövlükdə uğurla icra edilir.

İndiyədək respublikamız qonşu Gürcüstana, qardaş Türkiyəyə və Avropa məkanına yalnız bir mənbədən – “Şahdəniz”dən çıxarılan qazı ixrac edirdi. Başqa mənbə yox idi. İndi respublikamızın qaz ixracı həcmlərini həm də yeni mənbədən təmin etmək imkanı yaranıb.

Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək onun təşəbbüsləri reallığa  çevirən dövlət kimi nüfuz qazandığını görərik.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır

Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, əsl dost ölkələrdir. İki ölkə arasında atılan addımlar bu əminliyi ifadə etməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu əməkdaşlığın mühüm sahələrindən biri enerjidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Özünün enerjiyə daxili tələbatını tam ödəyən ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə diqqətdədir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq  iki ildən çoxdur  ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı cənab İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi.  2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan  vəziyyətdən   asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir. Azərbaycan etibarlı, arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir.

Məlum olduğu kimi, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Yaşıl enerji istehsalı

Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür.

Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. Qeyd edək ki, indiyədək Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlarla ölkəmizdə bərpa olunan enerji mənbələrindən səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradan möhkəm hüquqi baza formalaşdırılıb. Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını özünün perspektivlə bağlı əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Məlum olduğu kimi, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Azərbaycan və Bolqarıstanı strateji tərəfdaşlıq Sazişi bağlayır

Prezident cənab İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə reallaşan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Onu da qeyd edək ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan , hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılmas mümkün deyil.

Keçən il Prezident cənab İlham Əliyevin Serbiyaya , bir ay sonra isə Serbiya Prezidentinin Azərbaycana səfərlərini xatırlanıb. Bu, Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişafından xəbər verir. İki dost ölkə həm də strateji tərəfdaşdır. Bu barədə Bəyannamə də imzalanmışdr. Bütün bunlar Serbiya- Azərbaycanın həm sənəd üzərində, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadiqliyinin göstəricisidir. İki ölkə liderlərinin dostluq münasibətləri və qarşlıqlı səfərləri Serbiya-Azərbaycan əlaqələrinin inkişafına təkan vermişdir. İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək, əlaqələri daha da genişləndirəcək. Azərbaycan qaz ixracında Avropanın önəmli ölkələrindən birinə çevrildiyni Bolqarıstan Prezidenti Rumen Radevin çıxışında da vurğulayıb.

Ümumiyyətlə, Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Qarşıya qoyulan prioritet vəzifələrdən biri qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Azərbaycanın enerji potensialı beynəlxalq aləmdə də etiraf edilir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də  Serbiyadır. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin davamlı inkişafının təsdiqidir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi oldu. Bu əhəmiyyətli tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini və s. bildirdi. Azərbaycan Respublikasının Prezidenti çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.

Bolqarıstan Prezidenti Rumen Radevin “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır.” fikirləri də maraq doğurdu.

Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi də, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da tarixi hadisə oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki