Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir
Cənub Qaz Dəhlizi XXI əsrin ən iri və strateji enerji layihələrindən biridir. Bu təşəbbüs Azərbaycanın güclü siyasi iradəsi, möhkəm maliyyə imkanları və beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı əməkdaşlıq nəticəsində reallığa çevrilmişdir. Layihə yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi müstəvidə xüsusi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır, enerji təhlükəsizliyinə töhfə verir və istehlakçı ölkələrin alternativ mənbələrə çıxışını təmin edir.
Azərbaycan bu prosesdə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalmış, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir. Xüsusilə son illərdə Avropada enerji böhranının yaşandığı bir dövrdə ölkəmizin qaz ixracını artırması, yeni bazarlara çıxış imkanlarını genişləndirməsi və uzunmüddətli müqavilələr imzalaması Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur və strateji sabitliyin təmin olunmasına real töhfə verir.
Cənub Qaz Dəhlizi təkcə qaz nəqli sistemi deyil, eyni zamanda genişmiqyaslı beynəlxalq əməkdaşlıq platformasıdır. Layihədə iştirak edən ölkələr arasında qarşılıqlı etimad, siyasi dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bu platforma enerji sahəsi ilə yanaşı, iqtisadi, siyasi və regional əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Beləliklə, layihə regionda sabitliyin möhkəmlənməsinə və qarşılıqlı asılılıq mühitinin yaranmasına xidmət edir.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclasında çıxış edən Prezident İlham Əliyev enerji strategiyasının gələcək istiqamətlərinə də toxunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan qaz hasilatının artırılması məqsədilə yeni yataqların işlənməsi və mövcud infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl iş aparır. Bu yanaşma artan beynəlxalq tələbatın qarşılanmasına və ixrac imkanlarının daha da genişləndirilməsinə şərait yaradır.
Eyni zamanda, ölkəmiz yaşıl enerji sahəsində də iddialı planlar həyata keçirir. Bərpaolunan enerji mənbələrinin inkişafı, Xəzər dənizinin zəngin külək potensialından istifadə və “yaşıl enerji dəhlizi”nin yaradılması kimi təşəbbüslər Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Bu istiqamətdə atılan addımlar həm daxili enerji balansının optimallaşdırılmasına, həm də gələcəkdə elektrik enerjisinin ixrac potensialının artırılmasına xidmət edir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu layihə ölkəmizin beynəlxalq nüfuzunu artırmış, onu Avrasiyanın enerji xəritəsində aparıcı mövqeyə çıxarmışdır. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan enerji siyasətini strateji baxış, praqmatik yanaşma və qarşılıqlı fayda prinsipləri əsasında həyata keçirir.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim




















