image-qanunla-reklam
image-img_20260109_153443

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan enerji xətti ölkəni strateji baxımdan daha da gücləndirir

image-lady-day-az

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan enerji xətti ölkəni strateji baxımdan daha da gücləndirir.

Bakıda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı həyata keçirilib. Sözügedən layihə Azərbaycanın bərpa olunan enerji mənbələri (BOEM) sahəsində aparıcı beynəlxalq investorlarla əməkdaşlıq çərçivəsində yeni generasiya güclərinin formalaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. 2030-cu ilə qədər 6 qiqavat, 2032-ci ilə qədər isə 8 qiqavatlıq BOEM gücünün milli enerji şəbəkəsinə inteqrasiyası hədəfləri, enerji saxlanc sistemlərinin yaradılması və ötürücülük qabiliyyətinin 20–40 giqavatadək genişləndirilməsi hədəfləri, məhz bu kimi layihələrin sistemli şəkildə reallaşdırılmasını tələb edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası həmin hədəflər çərçivəsində enerji sisteminin dayanıqlılığının artırılması və istehsal portfelinin şaxələndirilməsi baxımından funksional rol oynayacaqdır. Eyni zamanda, yerli şirkətlərin də BOEM sektoruna qoşulması ölkədə yeni enerji bazarının formalaşması, texnologiyalar üzrə rəqabətliliyin genişlənməsi və özəl sektor iştirakının artması baxımından müsbət dinamikanın göstəricisi kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, BOEM üzrə istehsalın artması nəticəsində ixrac üçün daha çox qaza qənaət edilməsi, yaşıl keçidin iqtisadi səmərəlilik və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycanın enerji siyasəti uzun illər neft və qaz amili üzərində qurulsa da, son onillikdə bu yanaşmanın təkbaşına icra edilməsi ölkənin gələcək inkişaf tələblərinə cavab vermədiyi aydın şəkildə görünür.
Qlobal enerji bazarlarında baş verən struktur dəyişiklikləri, iqlim gündəliyinin beynəlxalq siyasətdə prioritetə çevrilməsi, texnoloji transformasiya və xüsusilə süni intellekt, rəqəmsal iqtisadiyyat kimi yüksək enerji tələb edən sahələrin sürətli inkişafı Azərbaycan üçün enerji siyasətində yeni mərhələnin başlanmasını zəruri edib. Bu kontekstdə bərpaolunan enerji mənbələrinin inkişafı artıq alternativ seçim deyil, strateji dövlət siyasətinin əsas sütunlarından biri kimi formalaşır. Bərpaolunan enerji siyasətinin mərkəzində təkcə enerji istehsalı dayanmır. Bu siyasət, eyni zamanda, iqtisadiyyatın strukturunun yenilənməsi, ixracın şaxələndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və karbon emissiyalarının azaldılması kimi bir-biri ilə sıx bağlı strateji məqsədlərə xidmət edir. Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, yaşıl enerji mənbələrinin genişlənməsi ölkənin təbii qaz resurslarından daha səmərəli istifadəyə şərait yaradır. Elektrik enerjisi istehsalında qazdan istifadənin azalması həmin həcmlərin ixrac bazarlarına yönəldilməsinə imkan verir ki, bu da Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirir. Bərpaolunan enerjinin artması yeni mərhələni – enerji saxlanmasını zəruri edir. Tarixdə ilk dəfə yaradılan 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi Azərbaycanın artıq enerji idarəçiliyində yeni dövrə qədəm qoyduğunu göstərir. Süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə edilən çağırışlar isə Azərbaycanın enerjidən texnologiyaya keçid strategiyasının anonsudur. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan üçün enerji layihələri sadəcə iqtisadi obyekt deyil, milli gücün, beynəlxalq etibarın və gələcək vizyonun ifadəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu enerji xətti ölkəni təkcə işıqlandırmır, onu strateji baxımdan daha da gücləndirir. Bu gün Xızıdan, Abşerondan əsən külək təkcə turbinləri döndərmir. Bu külək Azərbaycanın sabitliyini, etibarlılığını və gələcəyə inamını dünyaya daşıyır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki