Cənab Prezident İlham Əliyev tərəfindən idmana və idmançılara çox yüksək səviyyədə diqqət və qayğı göstərilir.
2025-ci il Azərbaycan idmanı üçün mühüm uğurlar və yaddaqalan nailiyyətlərlə zəngin bir il kimi tarixə düşmüşdür. İl ərzində idmançılarımız beynəlxalq arenalarda əldə etdikləri qələbələrlə ölkəmizin idman nüfuzunu daha da yüksəltmiş, Azərbaycan bayrağını nüfuzlu yarışlarda dalğalandırmışlar. Bu uğurların məntiqi yekunu olaraq cənab Prezident İlham Əliyevin idmançılarla keçirdiyi görüş dövlətin idmana verdiyi yüksək dəyərin bariz nümunəsi olmuşdur. Bu görüşün ictimai əhəmiyyəti xüsusilə böyükdür. İlk növbədə, cənab Prezidentin idmançılarla birbaşa ünsiyyəti cəmiyyətdə dövlət-idmançı münasibətlərinin möhkəmliyini nümayiş etdirir, gənclər arasında idmana marağı artırır. Gənc nəslin bu görüşdən aldığı mesaj ondan ibarətdir ki, zəhmət və əzm dövlət tərəfindən qiymətləndirilir və hər bir uğur diqqətdən kənarda qalmır. Eyni zamanda, bu görüş cəmiyyətdə sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynayır. İdmançılar nümunəvi obraz kimi gənclərə motivasiya verir, onları zərərli vərdişlərdən uzaq durmağa və fiziki fəallığa təşviq edir. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər idmanın sosial birləşdirici gücünü bir daha ön plana çıxarmışdır. Görüş zamanı idmançılar da çıxış edərək dövlət başçısına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, qazanılan uğurların arxasında dövlətin ardıcıl dəstəyinin dayandığını qeyd etmişlər. Bu qarşılıqlı etimad mühiti dövlətlə idman ictimaiyyəti arasında sıx əməkdaşlığın mövcudluğunu əyani şəkildə göstərmişdir. Son illərdə ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Regionlarda müasir idman komplekslərinin inşası, federasiyaların fəaliyyətinin gücləndirilməsi, idmançıların sosial müdafiəsinin yaxşılaşdırılması və məşq prosesinin təkmilləşdirilməsi bu sahədə ardıcıl və sistemli işlərin aparıldığını göstərir. Əldə olunan nəticələr məhz bu siyasətin məntiqi nəticəsidir. 30 ildir cənab Prezidenti İlham Əliyevin ilin sonunda idman ictimaiyyəti ilə görüşü, uğur qazanan idmançıların mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir. Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu, idmançıların motivasiyasını və məsuliyyət hissini artırır. Belə görüşlər eyni zamanda uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir. Cənab Prezident İlham Əliyev budəfəki görüşdə də vacib mesajlar verdi. İlin ən vacib idman hadisələrindən biri də Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Ümumiyyətlə, şəhərlərin “idman paytaxtı” seçilməsi təkcə idman sahəsinə aid simvolik qərar deyil, iqtisadi, sosial, mədəni və strateji əhəmiyyətə malik hadisədir. Bu status şəhərin və ölkənin inkişafına çoxşaxəli təsir göstərir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Bütün bu uğurların kökündə dövlət dəstəyi, eyni zamanda idmanı vətənə xidmət forması kimi təqdim etmək dayanır. Bu, xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan idmançısı beynəlxalq meydanlara çıxarkən arxasında dövlətin bütün qüdrətini və Müzəffər Ali Baş Komandanın sönməz inamını hiss edir. Bizim üçün idman qələbəsi artıq sadə bir mükafat deyil, o, beş il öncə qazanılmış şanlı Zəfərin idman arenalarındakı əks-sədası, qalib bir xalqın yenilməzlik rəmzidir. Cənab Prezidentin hər bir qələbə sevincini idmançılarla birgə bölüşməsi, onların sevincinə bir ata, bir rəhbər hərarəti ilə şərik olması, Azərbaycan bayrağını ən uca zirvələrə daşıyan hər bir qəhrəmanı dövlətin ən ali qiyməti ilə şərəfləndirməsi bir vətənpərvərlik nümunəsidir. Bu qayğıdan güc alan gənclərimiz üçün artıq heç bir zirvə uzaq, heç bir hədəf əlçatmaz deyil; çünki onların yolunu aydınladan bir Lider zəkası və qəlblərində döyünən böyük Azərbaycan eşqi var!
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
























