12.09.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə 1483 N-li qeydiyyatla məktub daxil olub. 18.09.2023-cü il tarixində isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin adından Konstitusiya Məhkəməsinə 1518 N-li qeydiyyatla və eyni məzmunlu məktub daxil olub.
Bu barədə AYNA-nın redaksiyasına özəlləşdirmə payları sahibləri olan, çeklərin tədavüldən qaldırılması nəticəsində yüzminlərlə insan kimi hüquqları pozulan və bununla bağlı həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, həm Milli Məclisə, həm də Konstitusiya Məhkəməsinə müraciətlər ünvanlayan Qarabağ müharibəsi veteranlarını, əmək veteranlarını və təqaüdçüləri birləşdirən qrup adından məlumat verilib.
Oktyabrın 18-də dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən KM-ə ünvanlanan daha öncəki müraciətin üstündən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ cavab verilməyib və bu, pay sahiblərinin kütləvi narazılığına səbəb olub. Baxmayaraq ki, bir müddət öncə Konstitusiya Məhkəməsi işin icraatda olduğunu açıqlamışdı.
Mövzu ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Mrb.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin tədavülə buraxılması iqtisadi inkişafa təkan verəcək. Ona görə də dövlətin müvafiq addımı atması arzuolunandır:
“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması və bu çeklərin əldə olunması üçün dövlət tərəfindən məqsədli pul emmisiyasının reallaşdırılması olduqca müsbət iqtisadi nəticələrə səbəb ola bilər. Ona görə də çeklərin tədavülə buraxılması məqsədəuyğundur. Beləliklə, iqtisadiyyatın tələb olunan sahələri investisiya resursları əldə edə bilər. Digər tərəfdən, bu, sadəcə pul çapı olmayacaq. Özəlləşdirmə çekləri vasitəsilə dövlət iqtisadi inkişafa təkan və impuls verə bilər. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi qeyri-xammal sektorunun inkişafı prioritet olmalıdır. Bu fonda sözügedən çeklərdən iqtisadiyytın prioritet sahələrində istifadə olunmalıdır. Hesab edirəm ki, strateji planlaşdırma əsasında fəaliyyət planı tərtib olunmalıdır. 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq çek verilibsə, mülkiyyət hüququ sayılan bu çek tədavüldən çıxarıla bilməz. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrində bildirilir ki, mükiyyət hüququ qorunmalıdır. Ona görə də özəlləşdirmə çekləri ya tədavülə buraxılmalı, ya da hansısa formada kompensasiyası həyata keçirilməlidir.
Bu gün özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən etmək mümkündür.
Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir. Bunu nəzərə alaraq əminliklə demək olar ki, “Özəlləşdirmə Qanunu”nda qəbul olunmuş qaydaya əsasən, hər bir dövlət özəlləşdirmə payının dəyəri inflyasiyadan qorunan əmlak payı olduğu üçün və aradan 20 il müddətin keçdiyini nəzərə alsaq, bu gün üçün qanunla hər bir özəlləşdirmə payının dəyərinin ən azı 20 min dollar civarında hesablanacağını demək olar.
Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır.
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!
Heydər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası üçün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Bu baxımdan hesab edirəm ki, Konstitusiya Məhkəməsi ən qısa zamanda müraciətləri nəzərə almalı və vətəndaşlara rəsmi açıqlama verməlidir. Çünki sözügedən çeklər vətəndaşların haqqıdır. Onu da nəzərə alaq ki, bu gün çek sahibi olan insanların əksəriyyəti artıq yaşlanıb. Onlar vəfat etmədən öncə ümidləri özünü doğrultmalı və çeklərindən səmərəli istifadə etməlidirlər.
Konstitusiya Məhkəməsi tez bir zamanda beynəlxalq hüquq olan İnsan Hüquqlarının əsas hissəsini təşkil edən mülkiyyət hüququ və bərabərlik hüquqlarını bərpa etməlidir. Ulu Öndərin 100 illik yubileyi ili olan 2023-cü ildə Azərbaycan vətəndaşlarının, özəlləşdirmə çeklərini dövlətə, dövlətçiliyimizə, qanunlara, Konstitusiyaya və Ulu Öndər Heydər Əliyevin vədinə inanaraq satmayan yüzminlərlə ailələrin mülkiyyət və bərabərlik hüquqları tezliklə bərpa olunmalıdır”.
Sosioloq Elçin Bayramlı isə açıqlamasında bildirib ki, o vaxtı özəlləşdirməyə çıxarılan bütün əmlakın imkanlı və vəzifəli şəxslərin əlinə keçirilməsi sıravi vətəndaşların aldadılmasına səbəb olub:
“O vaxtkı hesablama ilə ölkənin özəlləşdirməyə açıq əmlakının dəyərini əhali sayına böləndə hər payın dəyəri ən azı 800 dollar qiymətində olmalı idi. Lakin bu çeklər heç 8 manat dəyərində də olmadı. Bu konkret olaraq o deməkdir ki, ümumxalq əmlakının bölünməsindən əksər vətəndaşlara heç nə çatmadı. Yenə kəndlərdə yaşayanlara heç olmasa bir az torpaq sahəsi bölündü. Şəhərlərdə yaşayanlar isə atalarının, analarının, babalarının, nənələrinin qurub yaratdığı ümumi əmlakdan bir çöp də əldə edə bilmədilər. Bu, kobud hüquq pozuntusudur. Vətəndaşların pozulmuş hüquqları və ədalət bərpa edilməlidir. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və sair əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Onların bu halal payı fırıldaqçılar tərəfindən zorla əllərindən alınmış sayılır.
Məlumdur ki, bir neçə ay öncə çek sahibləri Konstitusiya Məhkəməsinə müraciət etmişdilər. Təəssüf ki, Konstitusiya Məhkəməsi 6 aydır bu işi uzadır və konkret cavab vermir. Cənab Prezidentin müraciətini saymayan və qanunlara əməl etməyən məmurların bu addımı cənab Prezidentə və dövlətçiliyə qarşı təxribatdır. Unutmaq olmaz ki, Özəlləşdirmə Payları dövlət qiymətli kağızı olan çeklərlə vətəndaşlara verildikdən sonra, yəni dövlət qiymətli kağızları olaraq birincili yerləşdirildikdən sonra qanunlarla qoyulmuş bu qaydaları heç bir fərman və hətta sonradan qəbul olunacaq heç bir qanun Konstitusiyaya zidd olaraq poza bilməz. Yəni heç kim vətəndaşların Qanunla verilmiş miras əmlak payı haqqını poza bilməz. Bəzi YAP-çı deputatlar, YAP Siyasi Şurasının üzvləri, YAP-çı hüquqşünas alimlər və YAP-çı iqtisadçı alimlər özəlləşdirmə çekləri ilə bağlı hüquqi səhvlərin tezliklə Konstitusiya Məhkəməsi tərəfindən aradan qaldırılacağını əminliklə söyləyirlər və xalqı inandırmağa çalışırlar ki, Ulu Öndərin 100 illiyi ərəfəsində bu məsələ öz həllini tapacaq və tezliklə haqqı pozulmuş yüz minlərlə ailələr sevinəcəklər. Əgər vətəndaşların çoxsaylı hüquqlarını pozan normativ hüquqi aktların araşdırılması üçün Konstutusiya Məhkəməsi müraciətə rəsmi cavab vermirsə, hətta, normativ hüquqi aktların təcili araşdırılması üçün Baş nazirin və ədliyyə nazirinin müraciətini, deputatların, Cənab Prezidentin və Prezident Administrasiyası rəhbərinin Konstitusiya Məhkəməsinə olan müraciətlərini nəzərə almayaraq işi gecikdirirsə, bu davranış birinci növbədə Cənab Prezidentə qarşıdır“.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Prezident Adminstrasiyası tərəfindən Konstitusiyaya Məhkəməsinə rəsmi məktub daxil olub və qeydiyyata alınıb. Onu da vurğulayaq ki, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Bütün ziyalılardan, deputatlardan, hüquqşünaslardan və Konstitusiya Məhkəməsinin hakimlərindən xahiş edirik ki, Oxuyun və Xalqa dəstək olun! ( bu məqalədə olduğu kimi – https://ayna.az/tarixi-edalet-tecelli-edir? )
Bütün məlumatları buradan oxuyun:
https://ayna.az/yuzminler-adindan-konstitusiya-mehkemesine?
Haqqımızı tələb etmək üçün birləşək: