image-qanunla-reklam
image-384545835_6811383348921794_6765749801355852173_n

Cəbrayılın işğalı

image-lady-day-az

Cəbrayılın işğalı

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir.

Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Erməni vandalizmi

Cəbrayıl rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Mərkəzi Cəbrayıl şəhəridir. Rayon 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-si-noyabrın 9-u tarixlərində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edilmişdir. Mənfur ermənilər işğal altında olan ərazilərimizdə daşı daş üstə qoymamışlar.

Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. İşğal müddətində erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılmışdır.

Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi.

1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən bir qədər əvvəl Cəmil Əhmədovun xatirə muzeyindən çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzinə təhvil verilmişdir.

Cəbrayılın Çələbilər kəndində yerləşən tikintisi XVI əsrə aid olan məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs demişdir. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi.

Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Körpülərin böyüyünün- bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 m, ən iri tağ aşırımı 8,7 m-dir.Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. On bir aşırımlı Xudafərin körpüsü isə çay axarının yuxarısında olub bütünlüklə daşdan tikilmişdir.
Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlılığına, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri dəyərli abidələrdir.
Mənfur düşmənlər nə etsələrdə Azərbaycan xalqının izlərini torpaqlarımızdan silə bilmədilər. Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bu gerçəyi heç nə dəyişdirə bilməz. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər heç vaxt silinməzdir, Zəfər izimiz kimi.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.

Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.

2020-ci il 27 sentyabr tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edilmişdir. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.

Əlbəttə fəxrlə qeyd edirik ki, bizim Böyük Qayıdışımız məhz Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki qələbəmiz tarixi qələbədir. Bütün xalq bu qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini hünərlə yerinə yetirərək, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2020-ci il noyabrın 26-da Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri  illər ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.  Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Xudafərin körpüsündə bayrağımızın dalğalanması

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan bərpa edilmişdi. Təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatıb.

İpək yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru Xudafərindir. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Azərbaycanın memarlıq məktəbinin bu əzəmətli abidələri dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır.

Tədqiqatçıların bir çoxunun fikrincə, körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Ermənistanın silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Cəbrayıl əməliyyatının əhəmiyyəti

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənistanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Döyüşlərdə aparılan uğurlu əməliyyatlardan biri də Cəbrayıl əməliyyatı idi. Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki