image-qanunla-reklam
image-193650_xuk08ihh9n

Bütün şəhərlərdə içməli su layihələri icra edilir

image-lady-day-az

Müstəqil Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, bölgələrdə sosial rifahın yüksəldilməsi və infrastrukturun müasir tələblərə uyğun qurulmasıdır. Bu istiqamətdə görülən işlərin miqyası son illərdə daha da genişlənmiş, respublikanın istər şəhər, istərsə də kənd ərazilərində su təchizatı, enerji, nəqliyyat və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə edilmişdir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir.”

Su təchizatı məsələsi yalnız texniki deyil, həm də sosial və strateji əhəmiyyətə malikdir. Təmiz və keyfiyyətli içməli suyun təminatı insanların sağlamlığı, kənd təsərrüfatının inkişafı və iqtisadi sabitlik üçün mühüm amildir.

Son illərdə respublikanın demək olar ki, bütün şəhər və rayonlarında “İçməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri” həyata keçirilmişdir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Quba, Qusar, Bərdə, Ağcabədi, Şəmkir kimi şəhərlərdə müasir su təmizləyici qurğular tikilmiş, boru xətləri tamamilə yenilənmişdir.

Kənd yaşayış məntəqələrində isə modul tipli su təmizləyici stansiyalar quraşdırılmış, beləliklə, minlərlə ailə uzun illərdən bəri davam edən içməli su çatışmazlığı problemini aradan qaldırmışdır. Eyni zamanda, su ehtiyatlarının qorunması və səmərəli idarə olunması məqsədilə yeni su anbarlarının və su kanallarının tikintisi aparılır.

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı sektoru əhalinin məşğulluğunda mühüm yer tutur. Bu sahədə dayanıqlı inkişafın təmin olunması üçün suvarma sistemlərinin genişləndirilməsi və modernləşdirilməsi əsas prioritetlərdən biridir.

Prezident cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən respublikanın müxtəlif bölgələrində minlərlə kilometr suvarma kanalları və drenaj şəbəkələri yenilənmişdir. Bu tədbirlər nəticəsində torpaqların münbitliyi artırılmış, məhsuldarlıq yüksəlmiş, kənd təsərrüfatı məhsullarının ixrac potensialı artmışdır.

Yeni damcı suvarma sistemləri, müasir hidrotexniki qurğular və enerji qənaətli nasos stansiyaları vasitəsilə həm suya qənaət edilir, həm də ekoloji balans qorunur. Bu layihələrin icrası təkcə kənd təsərrüfatının inkişafına deyil, həm də kənd əhalisinin sosial rifahına mühüm təsir göstərir. Çünki su problemi həll olunduqca kəndlərdə yaşayış səviyyəsi yüksəlir, əkin sahələri genişlənir və iş yerləri yaranır.

Son illərdə Azərbaycanın bütün bölgələrində yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, gənclər mərkəzləri və idman kompleksləri istifadəyə verilmişdir. Hər bir şəhərdə müasir xəstəxanaların fəaliyyət göstərməsi dövlətin sosial siyasətinin insan amilinə əsaslandığını göstərir.

Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bütün bu layihələr dövlət xətti ilə, dövlət büdcəsi hesabına həyata keçirilir və regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsidir.

Bu gün Azərbaycan artıq təkcə iqtisadi baxımdan deyil, sosial təminat və infrastruktur sahəsində də regionda lider mövqedədir. Hər bir vətəndaşın keyfiyyətli içməli suya, təhsilə, səhiyyəyə və müasir həyat şəraitinə çıxışı təmin olunur.

Bu, dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin, uzaqgörən strategiyanın və xalqın rifahına xidmət edən ardıcıl işlərin nəticəsidir.

 

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki