image-qanunla-reklam
image-1696317070-20200605084313_photohvkxff

Bütün Qarabağ inkişaf edir

image-lady-day-az

Bütün Qarabağ inkişaf edir.

Prezident cənab İlham Əliyevin sentybarın 28-də Cəbrayıla və Zəngilana səfər etməsi xüsusi əhəmiyyət daşıdı. Biz növbəti dəfə cənab Prezidentin bir sıra müəssisələrin, yaşayış massivlərinin təməlqoyma mərasimində, həmçinin açılışında iştirak etdiyini qürurla izlədik: “Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş rayonlarımızı yenidən qurur. Rayonlarımız, həmçinin Cəbrayıl rayonu, Zəngilan rayonu müasir, infrastruktru ən yüksək səviyyədə olan rayonlar olacaqlar. Prezident cənab İlham Əliyev sentyabrın 29-da Zəngilanda Forumda çıxışı zamanı da bəyan edib ki, işğaldan azad edilmiş rayonlarımızda quruculuq və sakinlərin öz yurdlarına böyük qayıdışı-Böyük Qayıdış Proqramının icrası məsələsi bir nömrəli vəzifədir. Bu gün artıq Cəbrayılda, həmçinin Zəngilanda, digər rayonlarımızda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir. Artıq Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılımış qaydada həyata keçirilir. Məsələnin diqqətçəkən məqamı həm də ondan ibarətdir ki, quruculuq işlərinə cənab Prezident şəxsən nəzarət edir və bu prosesə müstəsna töhfəsini verir. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş torpaqların azad edildiyi günü gözləyirdilər ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Artıq şükürlər olsun ki, bu arzular reallaşır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Hətta heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Biz çox sevinirik ki, məcburi köçkünlər azad olunmuş torpaqlara getməyə, orada yaşayıb yaratmağa tələsir. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən kəndlərə qayıtmaq istəyirlər.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi.

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri əsrlərlə yaşı olan erməni yalanlarını və layihələrini 24 saatdan az müddətdə darmadağın edərək tarixin tozlu səhifələri arasında layiqli olduğu yerə göndərdi. Əməliyyat nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda erməni separatizminin kökünü demək olar ki, kəsdi və özünün söz sahibi mövqeyini daha da möhkəmləndirdi.

44 günlük savaşdan qalib çıxmasına baxmayaraq, humanizm və sülhpərvər prinsipləri daim rəhbər tutan Azərbaycan 2-ci Qarabağ savaşından sonra dünya ermənilərinə özünün bu layiqli mövqeyini nümayiş etdirdi və Qalib ölkə kimi bir çox təsir mexanizmlərinə sahib olsa da, yekunda sülh əlini qarşı tərəfdə uzatdı. Ancaq istər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığın başını əzməyə vadar etdi. Azərbaycan dövləti geosiyasi vəziyyəti düzgün qiymətləndirərək növbəti dəfə zərgər dəqiqliyi ilə düşünülmüş və nəticələri Cənubi Qafqazda sabitliyə təhlükə yaradan qüvvələr üçün sarsıdıcı olan addım atdı. Azərbaycan lideri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bir daha bütün dünyaya dövlətimizin qüdrətini və suverenliyinə qarşı təhdidlərlə barışmaz mövqeyini nümayiş etdirdi. Üstəlik dövlət başçısı erməni lobbisinin hiylə və məkrli planları ilə Azərbaycana qarşı başlamış kampaniyalara da ağır zərbə vurdu. Ordumuz olduqca mürəkkəb relyefə malik ərazidə uzun illər ərzində qurulmuş mühəndis-istehkam qurğularını zərgər dəqiqliyi ilə məhv etdi. Ən əsası isə dövlət başçısının da birbaşa göstərişi ilə dinc sakinlərin təhlükəsizliyi maksimum təmin olundu. Ordumuz bu vəzifənin öhdəsindən erməni separatçılarının dinc əhalini canlı qalxan kimi istifadə etməsinə rəğmən yüksək peşəkarlıqla gəldi. Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi.

Azərbaycan bir daha göstərdi ki, Cənubi Qafqazda söz sahibi olan ölkədir və onun suverenliyinə təhdid ola biləcək istənilən amili zərərsizləşdirmək iqtidarındadır.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru Vəfa Bayramova

 

 

Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı dediyi kimi, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Öz kökünə dərindən bağlı olan xalqımız yurd-yuvalarına qayıdışı səbrsizliklə gözləyirdi. İnşa işləri məhz sakinlərimizin 30 illik həsrətinin bir az daha uzanmaması üçün sürətli, davamlı aparılır. Artıq Zəngilanda Ağalıda məskunlaşma var. Şəhərin Baş planı da təsdiq edilib. Təxminən 2025-ci ildə böyük köç başlayacaq. Laçında doğma ocaqlar işıqlandırılıb, Füzulidə də məskunlaşmalar var. İlin sonuna kimi yurd-yuvasına qayıdanların sayı artacaq və artdıqca da düşmənin son ümidləri üzüləcək.

Ölkə başçısı Forum iştirakçılarının diqqətinə çatdırdı ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır. Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı: buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi!

44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu şəhid olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Möhtərəm Prezident Cənab İlham Əliyev 27 sentyabr–Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Bu gün Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətinin göstəricisidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir.

Dünyanın bütün aparıcı güclərinin iradəsinin əksinə olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəsarəti və qətiyyəti sayəsində dünya 30 il əvvəl postsovet ərazisində yaradılmış etno-siyasi münaqişələrdən xilas olmağın ən düzgün və səmərəli yolunu real təcrübədə təsdiq etdi. Torpaqlarımız işğaldan azad olundu, dövlətimiz bütün ərazisi üzərində öz suverenliyini bərpa etdi.

Son 3 il ərzində ölkəmizdə sürətlə baş verən hərbi-siyasi hadisələrin fonunda həm də işğaldan azad olunmuş torpaqlarımızda 30 il ərzində erməni işğalçıları tərəfindən məqsədli şəkildə aparılmış dağıdıcılıq əməlləri ilə üzləşdik. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin qoyub çıxdığı şəhərlər və kəndlər viran edilmiş, ərazilər sıx şəkildə minalarla örtülmüş və bölgənin bütün infrastrukturu məhv edilmiş, tarixi-mədəni abidələrimiz yer üzündən silinmişdir. Azərbaycan dövləti bu çağırışın qarşısında da qətiyyət göstərməkdə israrlı olduğunu nümayiş etdirdi. Prezident cənab İlham Əliyev bütün şəhərlərin və kəndlərin dünyada mövcud olan ən yüksək standartlar əsasında yenidən tikilməsi barədə qərar verdi. Miqyası və tətbiq olunan texnologiyaların müasirliyi ilə heyrətləndirən nəhəng layihələr artıq həyata keçirilməkdədir. Azad olunmuş bölgələrimizdə həyata keçirilən abadlıq və quruculuq işləri də dünya miqyasında münaqişələrdən sonra ərazilərin bərpa olunması işləri üçün ən parlaq örnək olmaqdadır. Zəngəzurda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi dünya miqyasında Azərbaycanın yaratdığı nümunələrə marağın yüksək olduğunu nümayiş etdirdi.

Sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyev çıxış etdi. Dövlətimizin başçısı Forum iştirakçılarına bölgənin tarixi, Ermənistan tərəfindən işğalı və azad olunması haqqında ətraflı məlumat verdikdən sonra Şərqi Zəngəzur və Qarabağ rayonlarında aparılan quruculuq işlərindən danışdı. Cənab Prezident bildirdi ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Şəhərin Baş planı artıq təsdiqlənib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Ölkə Prezidenti, həmçinin qeyd etdi ki, 2025-ci ildə şəhərin ilk sakinləri Zəngilana qayıdacaqlar. Prezident öz çıxışında vurğuladı ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Abadlaşdırılan ərazilərdə müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada müasir şəhərsalma texnologiyalarının ən yeni nümunələri tətbiq edilir. Prezident bildirdi ki, bu günədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının icrası nəticəsində artıq keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıblar. Prezident məcburi köçkünlərin Zəngilana qayıdışı və layiqli həyat şəraiti ilə təmin olunması üçün görülən və görüləcək çoxsaylı layihələr barəsində məlumat verdi.

Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev Forum iştirakçılarına bildirdi ki, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycan dövləti tərəfindən tam şəkildə təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun şəkildə həyata keçiriləcək.

Prezident İlham Əliyev bəyan etdi ki, 44 günlük müharibədən sonra bütün sərhədlərimizə nəzarət bərpa olunub və torpaqlarımızda separatçılığa son qoyulub. Regionda sülh bərqərar olunmalı və Cənubi Qafqaz ölkələri arasında konstruktiv əməkdaşlığa başlanılmalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.

 Azad olunmuş ərazilərimizin elektrik enerjisi ilə təminatının bir strateji istiqamətini də elektroenergetika strukturunun yaradılması, paylayıcı elektrik şəbəkələrinin inşası və onların respublikamızın enerji sisteminə inteqrasiyası təşkil edir. İşğal dövründə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən dağıdılmış və ya talan olunmuşdur. Sovetlər dönəmində bu ərazilərdə 10 elektrik şəbəkə rayonu üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdu. Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator var idi. İndi bunların heç biri yoxdur, işğalçı Ermənistan tərəfindən hamısı dağıdılıb.

Prezident cənab İlham Əliyevin tapşırıqlarına, dövlət proqramında qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilən ərazilərdə elektroenergetika strukturunun yaradılması, paylayıcı elektrik şəbəkələrinin inşası və onların respublikamızın enerji sisteminə inteqrasiya edilməsi istiqamətində enerji strategiyası həyata keçirilir. Bu strategiya hər bir rayonda 110 kVt-lıq yarımstansiyaların tikintisini və onların yüksəkgərginlikli xətlərlə ölkə sisteminə inteqrasiyasını, bu məqsədlə elektrik verilişi xətlərinin çəkilişini əhatə edir.

Artıq indiyə kimi azad edilmiş ərazilərdə 12 yarımstansiya inşa edilib. Bunlar 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2”, “Qorçu” , “Laçın” və 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyalarıdır.

Bu yarımstansiyalardan birincisi olan “Şuşa” yarımstansiyası 2021-ci ilin may ayında istifadəyə verilib. Bundan təxminən bir ay sonra, 2021-ci il iyunun 14-də “Füzuli” yarımstansiyasının açılışı olub. 110/35/10 kilovoltluq bu yarımstansiya Prezident cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki