Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki görüşlər Bakıda təşkil olunsa da, bu dəfə toplantının məhz Xankəndidə- Qarabağın ürəyində baş tutması təsadüfi deyil. Bu addım bir tərəfdən Ermənistanın təxminən 30 il ərzində dağıntılara məruz qoyduğu, işğal altında saxladığı torpaqların bərpası istiqamətində Azərbaycanın atdığı əzəmətli addımların nümayişidir. Digər bir tərəfdən isə bu, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın bərpasına beynəlxalq dəstəyin təcəssümüdür.
Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda Qarabağ və Şərqi Zəngəzur ərazilərində hazırda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. 16 şəhər və kənddə keçmiş məcburi köçkünlərin geri dönüşü təmin olunub və artıq 50 mindən çox insan bu ərazilərdə yaşayır, çalışır və təhsil alır. Məhz bu inkişafın nəticəsidir ki, Xankəndidə yeni və müasir Konqres Mərkəzində belə bir mötəbər beynəlxalq tədbir təşkil olundu.
ECO Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları, o cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışlarında Qarabağın azad olunmasından sonra bölgədə yaranmış yeni reallıqları yüksək qiymətləndirərək Azərbaycanın sülh və inkişaf naminə atdığı addımları alqışladılar. Xüsusilə də regional iqtisadi əməkdaşlıq sahəsində irəli sürülən təkliflər və təşəbbüslər Qarabağın inkişafına töhfə verəcək strateji layihələrin reallaşdırılmasına zəmin yaradır.
Xankəndidə keçirilən bu Zirvə görüşü həm də Azərbaycana qarşı illərlə davam etmiş ədalətsizliklərə bir cavab kimi çıxış edir. Cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, mina təhlükəsi, məscidlərin təhqir edilməsi və Azərbaycanın buna baxmayaraq həyata keçirdiyi “Böyük Qayıdış” Proqramından ətraflı bəhs etdi.
Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyada yeni mövqelər qazanmasının və Qarabağın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinin vacib təzahürüdür. Qarabağ indi təkcə Azərbaycanın deyil, həm də regionun sülh, əməkdaşlıq və inkişaf platformasına çevrilir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru