image-qanunla-reklam
image-10079298

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

image-lady-day-az

Azərbaycan Prezidenti  cənab   İlham  Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən gənc güləşçilərimizi və onların məşqçilərini, Güləş Federasiyasını əldə olunan tarixi qələbə münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Qeyd etmək lazımdır ki, Bolqarıstanda  23 yaşadək idmançıların Avropa çempionatında Azərbaycan komandası ümumilikdə 16 medal, o cümlədən 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq 34 iştirakçı ölkə arasında ümumi sıralamada birinci yeri tutmuşdur. Bu Azərbaycan güləşi tarixində rekord nəticədir.

Cənab Prezident çıxışı zamanı bildirmişdir ki, idmançılarımız uzun illərdir  Azərbaycanı dünyada təbliğ edirlər. Qeyd olunmuşdur ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda Azərbaycan nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındadır. Beynəlxalq idman qurumları Azərbaycana böyük rəğbətlə yanaşırlar. Elə buna görə də Azərbaycanda iki dünya səviyyəli tətbir keçirilmişdir- Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları.

Cənab Prezident daha bir vacib məsələyə toxunaraq qeyd etdi ki, bu  gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik : «Sübut etməli idik və sübut etdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda , xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərəkdən çalışdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbətdə ki, güclü Ordumuz, texnikamız, silahımız, sursatımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.»
Görüşdə cənab Prezident bildirdi ki, bu gənclər artıq başqa Azərbaycanı təmsil edirlər. Qalb gəlmiş, müzəffər xalqı təmsil edirlər.

Görüş zamanı cənab Prezidentin diqqət yönəltdiyi vacib məsələlərdən biri də azad edilmiş torpaqlarımızda idmanın inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Qeyd olunmuşdur ki, aidiyyatı qurumlar bu məsələ ilə məşğul olurlar. Azad edilmiş bütün şəhərlərin baş planlarında stadionların, idman komplekslərinin tikilməsi nəzərdə tutulmuşdur. İdman federasiyalarının, Gənclər və İdman nazirliyinin təqdim etdikləri layihələr əsasında nəzərdə tutulan işlər həyata keçiriləcəkdir.
Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki