image-qanunla-reklam
image-media-1767857123_695f597e453e8695f597e453e91767856510695f597e453e6695f597e453e7-9jhke5gw374vpf6ynsxl

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir

image-lady-day-az

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir

Müasir dünyada enerji sektorunda baş verən qlobal dəyişikliklər bərpaolunan enerji mənbələrinin əhəmiyyətini daha da artırmışdır. İqlim dəyişiklikləri, ətraf mühitin qorunması və enerji təhlükəsizliyinin təmin olunması dövlətləri alternativ enerji mənbələrinə yönəlməyə sövq edir. Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək bərpaolunan enerji sahəsində mühüm uğurlar əldə edir. Bu gün ölkəmizin müxtəlif bölgələrində alternativ enerji növlərinin inkişafı bunun bariz nümunəsidir. Hazırda Azərbaycanda bərpaolunan enerji sahəsində bir sıra mühüm layihələr reallaşdırılır və yeni stansiyaların açılışı planlaşdırılır. Qaradağ rayonunda artıq istifadəyə verilmiş stansiyadan sonra bu gün Xızı və Abşeron rayonlarında külək elektrik stansiyaları fəaliyyətə başlayır. Eyni zamanda, növbəti böyük enerji layihələrinin Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu fakt bir daha göstərir ki, bərpaolunan enerji layihələri ölkənin bütün bölgələrini əhatə edir və regional inkişafın mühüm tərkib hissəsinə çevrilir.

Azərbaycanın coğrafi mövqeyi və təbii iqlim şəraiti bərpaolunan enerji istehsalı üçün olduqca əlverişlidir. Günəşli günlərin çoxluğu, külək axınlarının davamlılığı və geniş ərazi imkanları demək olar ki, ölkənin istənilən bölgəsində alternativ enerji mənbələrinin istifadəsini mümkün edir. Bu üstünlüklər Azərbaycanın “yaşıl enerji” potensialını daha da artırır və onu regionun aparıcı enerji istehsalçılarından birinə çevirmək üçün möhkəm zəmin yaradır. Xüsusilə Xəzər dənizinin enerji potensialı xüsusi diqqətə layiqdir. Beynəlxalq qiymətləndirmələrə əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı təxminən 157 giqavat səviyyəsində qiymətləndirilir. Bu, olduqca böyük göstəricidir və gələcək illərdə dənizdə külək elektrik stansiyalarının inşası üçün geniş imkanlar açır. Dəniz külək enerjisinin istifadəsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını kəskin şəkildə artırmağa imkan verəcəkdir.

Gələcək illərdə bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələr Azərbaycanın regionda etibarlı və güclü elektrik generasiya potensialına malik ölkəyə çevrilməsini təmin edəcəkdir. Artan enerji istehsalı həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Bərpaolunan enerji sahəsində əldə edilən uğurlar xarici investorların da diqqətini Azərbaycana yönəldir. Dövlət tərəfindən yaradılan əlverişli investisiya mühiti, siyasi sabitlik və strateji coğrafi mövqe xarici sərmayədarların bu sahəyə marağını artırır. Xüsusilə böyük həcmdə elektrik enerjisi tələb edən sahələr üçün Azərbaycan cəlbedici investisiya məkanıdır. Bu baxımdan, xarici investorlar bərpaolunan enerji ilə yanaşı, yüksək enerji tələbatı olan digər sahələrə də investisiya qoymağa dəvət olunur.

Müasir dövrdə süni intellekt texnologiyaları və data mərkəzlərinin yaradılması qlobal iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biridir. Bu sahələr isə böyük və stabil enerji mənbələrinə ehtiyac duyur. Azərbaycan bərpaolunan enerji layihələri hesabına bu tələbatı ödəmək gücündədir. Yaşıl enerji ilə təmin olunan data mərkəzləri həm ekoloji baxımdan üstünlük yaradır, həm də uzunmüddətli iqtisadi səmərəlilik təmin edir. Bu isə ölkəmizi regionda innovasiya və texnologiya mərkəzinə çevirmək üçün yeni imkanlar açır. Bu prosesdə yerli şirkətlərin də fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan şirkətlərinin bərpaolunan enerji layihələrinə cəlb olunması milli sahibkarlığın inkişafına, yeni texnologiyaların mənimsənilməsinə və peşəkar kadr potensialının formalaşmasına şərait yaradır. Yerli və xarici şirkətlərin birgə fəaliyyəti beynəlxalq təcrübənin ölkəyə transferini sürətləndirir və layihələrin daha effektiv icrasını təmin edir.

Gələcək illərdə bərpaolunan enerji Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas sütunlarından birinə çevriləcək, ölkəmizi regionun enerji və texnologiya mərkəzi kimi tanıdacaqdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki