Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Dövlət Proqramına əsasən ötən il rayonun Sus kəndinə 59 ailə və 215 sakinin, Zabux kəndinə 217 ailə və 823 sakinin köçürülməsi təmin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri