image-qanunla-reklam
image-529637841_1310136797132762_7500105089428508509_n

Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq

image-lady-day-az

Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərinin canlandırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi baxımından da tarixi əhəmiyyət kəsb etdi.

ABŞ-nin əvvəlki rəhbərliyinin dövründə Azərbaycana göstərilən düşmən münasibətə görə iki dövlət arasındakı əlaqələr ciddi şəkildə zədələnmişdi. Bayden-Blinken administrasiyası Azərbaycana beynəlxalq səviyyədə qara yaxmaq və gözdən salmaq üçün bütün riyakarlıqlara əl atır, respublikamızı Ermənistana hücuma cəhddə ittiham edirdi. Hətta antiterror tədbirlərindən sonra Azərbaycandan ABŞ-yə rəsmi nümayəndə heyətlərinin səfərlərini təxirə salmış, ölkəmizə qarşı sanksiyalar barədə düşünməyə başlamışdılar. Lakin Azərbaycan bütün bu təzyiq cəhdlərinin qarşısında öz milli maraqlarından bir addım belə geri çəkilmədi, ləyaqli siyasət yürütdü.

Bu gün isə Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni dövr başlayır. Cənab Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. İki dövlətin strateji tərəfdaşlığı enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantıları, süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayəni və təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcək.

Cənab Prezident İlham Əliyevlə Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması isə respublikamızın milli maraqlarının təmin olunması baxımından Azərbaycanın mühüm siyasi uğuru oldu. “Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır” – deyə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Müsahibəsində Vaşinqtona səfərin nəticələrindən çox məmnun qaldığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanın milli maraqlarının təmin olunması baxımından tarixi siyasi hadisəyə çevrildi. Bu səfər həm də onu növbəti dəfə təsdiqlədi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, Müzəffər Prezidentimiz İlham Əliyevin qətiyyətli və müdrik siyasəti ilə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır, dövlətçilik salnaməsini yeni uğurlarla zənginləşdirir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki