image-qanunla-reklam
image-nocomment_16cbae150d41c31e285bcf0c402686c8_3bxfc95qs0ep4irh862k

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu

image-lady-day-az

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Tarixin acı səhifələrinə baxdığımızda görürük ki, Laçın rayonu 18 may 1992-ci ildə zorla işğal olunmuşdur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.

İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmişdir. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Mənfur  düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.

Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.

Vətən müharibəsi dövründə hər bir azərbaycanlı ölkə başçısının xalqa müraciətlərində qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Hər qələbə xəbərini aldıqca yenilməz Azərbaycan Ordusu ilə fəxr edir, qürrələnirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq, cəsur və sarsılmaz Ordumuz var deyə qürur duyuruq.

Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.

Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabrında  Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad olundu. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Azərbaycana təhvil verməli oldu. Bu hadisə Azərbaycanın ən böyük qələbəsi idi.

 

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki