Kəlbəcər rayonu Azərbaycanın ən zəngin təbii su ehtiyatlarına malik bölgələrindən biridir. Dağlıq relyef, gur çay şəbəkəsi, bol sulu bulaqlar və sərt iqlim xüsusilə su enerjisinin əldə olunması üçün əlverişli şərait yaradır. Rayonun işğaldan azad edilməsindən sonra burada aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də enerji infrastrukturunun müasir standartlarla qurulmasıdır. Bu proses həm ölkənin ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də Kəlbəcərin gələcək iqtisadi inkişafına böyük töhfə verir.
Bölgədə həyata keçirilən ən mühüm layihələrdən biri Tərtər çayının sol qolu olan Meydan çayı üzərində yerləşən 3,4 meqavatlıq kiçik su elektrik stansiyasının tam şəkildə yenidən qurulmasıdır. Bu stansiya yalnız Kəlbəcərin enerji təminatını artırmaqla kifayətlənmir, eyni zamanda ekoloji baxımdan təmiz və davamlı enerji mənbəyinin istifadəsinə şərait yaradır. Meydan çayı üzərindəki bu stansiya müasir avadanlıqlarla təchiz olunmaqla, istehsal gücünü dəfələrlə artırmış və regionun energetika sisteminə inteqrasiya edilmişdir.
Rayonun qərb hissəsində Tərtər çayı üzərində yerləşən “Çıraq-1” (8,33 MVt) və “Soyuqbulaq” (5,3 MVt) Kiçik Su Elektrik stansiyalarının tam yenidən qurulması da mühüm hadisədir. Bu stansiyalar strateji baxımdan həm enerji istehsalının artırılmasına, həm də bölgədə iqtisadi fəallığın canlanmasına xidmət edir. “AzərEnerji” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri nəticəsində bu stansiyalar əvvəlkindən qat-qat səmərəli fəaliyyət göstərir, enerji itkisi minimuma endirilir və istehsal gücü maksimum səviyyəyə çatdırılır.
Qaraarxac çayı üzərində yerləşən 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyasının da tam bərpası bölgənin su enerjisi potensialının səmərəliliyini göstərən digər mühüm layihədir. Qaraarxac çayı Kəlbəcərin ən gur sulu çaylarından biri olduğuna görə, burada qurulan enerji infrastrukturu həm iqtisadi, həm də ekoloji baxımdan yüksək əhəmiyyət daşıyır. “Çıraq-2” stansiyasının yenidən fəaliyyəti regionda elektrik təchizatı sabitliyinə töhfə verir və gələcək sənaye zonaları üçün enerji təminatı yaradır.
Bununla yanaşı, Kəlbəcər rayonunda yeni tikilmiş 8,6 meqavat gücündə “Aşağı Vəng”, 8,8 meqavat gücündə “Nadirxanlı” və 5 meqavat gücündə “Çaykənd” kiçik su elektrik stansiyaları bölgənin enerji xəritəsini daha da zənginləşdirir. Bu stansiyalar yalnız istehsal gücü ilə deyil, həm də istifadə olunan müasir texnologiyalar, avtomatlaşdırılmış idarəetmə sistemləri və davamlı enerji modelinə uyğunluğu ilə seçilir. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın alternativ və bərpa olunan enerji hədəflərinə uyğun olaraq regionu enerji baxımından dayanıqlı və müstəqil edir.
Kəlbəcərdə həyata keçirilən bütün bu layihələr həm yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həm də biznes mühitinin inkişafı üçün mühüm baza yaradır. Elektrik enerjisi infrastrukturunun gücləndirilməsi gələcəkdə turizm, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının inkişafı üçün əsas şərtlərdən biridir.
Nəticə etibarilə, Kəlbəcərin enerji ehtiyatlarından səmərəli istifadə Azərbaycan dövlətinin bölgənin dirçəlməsinə göstərdiyi diqqətin və strateji yanaşmanın göstəricisidir. Yenidən qurulmuş və yeni tikilmiş su elektrik stansiyaları sayəsində Kəlbəcər yalnız öz enerji tələbatını ödəmək gücündə deyil, həm də ölkənin ümumi enerji sisteminə əhəmiyyətli töhfə verən bir regiona çevrilir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova



















