Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir.
12 noyabr 2025-ci ildə Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edən zamanı Cənab Prezidentin çıxışında geniş yer verilən məşğulluq məsələsi Azərbaycanın sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. O, açıq şəkildə bildirdi ki, yerli rəhbərlər iş yerlərinin yaradılmasına çalışsınlar, sahibkarlara şərait yaratsınlar. Bu, iqtisadiyyatın real sektorunda yerli potensialın hərəkətə gətirilməsi, özünüməşğulluğun təşviqi və sahibkar təbəqəsinin genişlənməsi üçün açıq göstərişdir. Azərbaycan regionlarında artıq kənd təsərrüfatı və turizm sahəsində yeni inkişaf mərhələsi başlayıb. Bu siyasət həm işsizlik problemini azaldır, həm də kəndlərin sosial həyatına yeni nəfəs verir.
Qəbulda cənab Prezidentin “Bölgələrdə ekoloji tarazlıq qorunmalıdır” fikri ölkənin ekoloji siyasətinin ideoloji təməlidir. O, Bakının və Sumqayıtın keçmiş ekoloji fəlakət vəziyyətindən “parklar şəhərinə” çevrilməsini nümunə göstərərək qeyd etdi ki, Qara şəhəri Ağ şəhərə çevirdik. Bu ifadə, əslində, Azərbaycanın təmizlənmə və yenilənmə fəlsəfəsinin simvoludur. Artıq ekologiya məsələsi sadəcə təbiətin qorunması deyil, iqtisadi və sosial qərarların ayrılmaz hissəsidir. Cənab Prezidentin əsas tələbi etimadı doğrultmaq oldu. Çıxışın sonunda dövlət başçısının “öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız” sözləri həm tapşırıq, həm də xəbərdarlıq mahiyyəti daşıyır. Bu, bir daha təsdiqləyir ki, vəzifə, etimadın sınaq meydanıdır. Etimadı doğruldan qalacaq, sui-istifadə edən isə məsuliyyət daşıyacaq. Xalqa xidmət dövlət idarəçiliyinin əsas meyarıdır, sosial ədalət və şəffaflıq məmur fəaliyyətinin təməl prinsipidir, dayanıqlı inkişaf və ekoloji məsuliyyət prioritetdir. Bunlar gələcək nəsillərə yönəlmiş strateji xətdir. Azərbaycan bu gün artıq yalnız iqtisadi inkişaf modeli deyil, ədalətə, xidmətə və şəffaflığa əsaslanan dövlət idarəçiliyi modeli formalaşdırır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


















