BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamə
20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın zəngin tarixi, mədəniyyəti və çoxəsrlik dövlətçilik ənənələrinin simvolu olan Ağdamın dirçəlişi və yenidən qurulması baxımından xüsusi rəmzi məna daşıyır. Bu gün həm də beynəlxalq hüququn ədalətli mövqeyinin xatırladılması üçün mühüm bir fürsətdir. Məhz bu kontekstdə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdamın tarixi taleyində əhəmiyyətli sənədlərdən biri kimi önə çıxır.
1993-cü il iyulun 29-da qəbul edilmiş 853 saylı qətnamə Ermənistan–Azərbaycan münaqişəsi fonunda Ağdam rayonunun işğalını beynəlxalq hüquq müstəvisində qınayan əsas beynəlxalq sənədlərdən biridir. Qətnamədə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Ağdam və Azərbaycan Respublikasının digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edirdi. Sənəd, eyni zamanda, bölgədəki bütün hərbi əməliyyatların dayandırılmasını, atəşkəsə riayət olunmasını və münaqişənin danışıqlar yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklənməsini nəzərdə tuturdu.
Qətnamənin mühüm müddəaları sırasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sarsılmaz dəstək ifadə olunmuşdu. Bu, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş torpaqlarının ayrılmaz hissəsi olaraq tanınmasının bariz nümunəsidir. Təəssüf ki, qətnamənin tələbləri uzun illər ərzində həyata keçirilməmiş, işğal davam etmiş və Ağdam şəhəri tamamilə dağıdılmışdı.
Lakin 2020-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu Vətən müharibəsi nəticəsində tarixi ədalət bərpa olundu. Ağdam şəhəri və rayonun böyük hissəsi işğaldan azad edildi. Bununla BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin müddəaları faktiki olaraq icra olunmuş oldu. Müharibədən sonra Ağdamın yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, infrastrukturun bərpası və əhalinin doğma yurdlarına qayıdışı bu torpaqlarda həyatın yenidən dirçəlməsinin parlaq göstəricisidir.
Bu gün 20 Noyabr – Ağdam şəhəri günü həm tarixi hadisələrin xatırladılması, həm də bölgənin gələcək inkişafına inamın nümayişi kimi xüsusi əhəmiyyət daşıyır. BMT-nin 853 saylı qətnaməsi isə Azərbaycanın haqlı mövqeyini təsdiq edən və beynəlxalq ədalətin bərpasına çağıran mühüm siyasi-hüquqi sənəd kimi əbədi olaraq tarixdə qalacaq.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru























