Vətən müharibəsinin əhəmiyyətli nəticələrindən biri də, tarixi nailiyyətlərimizdən biri hesab olunan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Üçtərəfli bəyanatda öz əksini tapmış ən mühüm maddə hesab olunmaqla yanaşı, həm də, bizim böyük siyasi qələbəmizdir. Bəyanatda da qeyd olunduğu kimi Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizi nəqliyyat dəhlizi funksiyasını daşıyacaqdır.
Bildiyimiz kimi, hazırda Prezidentimizin göstərişi ilə bu dəhlizin fəaliyyəti istiqamətində davamlı işlər görülür. Nəqliyyat və əməkdaşlıq baxımından dəhlizin yaradılması Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına xidmət edəcək, həmin ölkələr qarşısında yeni imkanlar açacaq, bu ölkələr arasında nəqliyyat şəbəkəsinin və iqtisadi əlaqələrin genişlənməsinə əhəmiyyətli təkan verəcəkdir. Bundan başqa, dəhlizin fəaliyyəti iqtisadi faydaları ilə yanaşı regionda sülhün bərqərar olmasına şərait yaradaraq, gələcəkdə münaqişələrin yaranmasının da qarşısını alacaqdır. Azərbaycan da öz növbəsində bölgədə Zəngəzur dəhlizinin yaradılmasını qətiyyətlə dəstəkləyir və bu məsələdə öz üzərinə düşən bütün addımları atır. Ölkəmiz üçün bu dəhlizin yaradılmasının ən vacib üstünlüklərindən biri də bütün faydaları ilə yanaşı, qardaş ölkə Türkiyə ilə quru yolu əldə edərək, ikitərəfli iqtisadi və turizm əlaqələrinin inkişafına şərait yaratmasıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli və tarixi maraqlarımıza tam cavab verir. Ermənistan istəsə də , istəməsə də bu dəhlizi icra edəcəyik və Azərbaycan xalqı çox uzun bir zamandan sonra zorla əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
Rəşhad Cəbrayılov.



















