image-qanunla-reklam
image-media-535175425_1320337996112642_1149275807427169154_n-s4h8b6rl0gyjakw95exz

Bizim işimiz quruculuqdur

image-lady-day-az

Bizim işimiz quruculuqdur.

Vətən Müharibəsindəki qalibiyyətdən sonra dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Belə ki, avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin də təməlini qoydular. Tədbirdə dövlət başçısına və birinci xanıma kompleksin gələcək imkanları barədə ətraflı məlumat verildi. Qeyd edək ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır. Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına imkan verəcək. Lakin layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır.Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri, velosiped yolları, istirahət guşələri və söhbətgahlar inşa ediləcək. Ərazidə geniş yaşıllıq zonalarının salınması planı isə yeni kompleksə ekoloji baxımdan da sağlam mühit qazandıracaq. Bütün mənzillər daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Əslində, bu layihə təkcə yeni binaların inşası deyil, həm də Kəlbəcərin işğaldan sonrakı bərpasının canlı nümunəsidir.

Onilliklər boyu didərgin düşmüş yüzlərlə ailə indi doğma yurdlarına qayıdaraq müasir standartlara cavab verən mənzillərdə yaşayacaq. Beləliklə, 4-cü yaşayış kompleksi təkcə memarlıq baxımından deyil, həm də sosial və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış”ın daha bir mərhələsi kimi tarixə düşür. Kəlbəcərdə salınacaq müasir məhəllə həm şəhərin simasını dəyişəcək, həm də burada yeni ictimai həyatın başlanğıcını qoyacaq. Ümumilikdə Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Göründüyü kimi, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünövrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı. İlk növbədə, bu yollar, eləcə də rayonun öz daxilində yaşayış məntəqələri arasında salınan müasir yollar inteqrasiya və bazarlara çıxış üçün mühüm əhəmiyyət kəsb edir. 81 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu yolunun 11.6 kilometrini Murov dağının altından salınan tunel təşkil edir. Artıq işlərin yekunlaşmaq üzrə olduğu bu tunel mürəkkəb relyefə malik Kəlbəcərlə ilin bütün fəsillərində rahat əlaqə saxlamaq imkanı yaradacaqdır. Ümummilli Lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri yolların əhəmiyyətini tam mənası ilə ifadə edir. Harada yol var, orada inkişaf var, ona görə ki, yollar istehsal-satış proseslərini tamamlamağa və beləliklə də fasiləsiz fəaliyyəti təmin etməyə şərait yaradır.

 

Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki