image-qanunla-reklam
image-media-ilham-eliyev-forum-uvt5o0jw1934px7a6i2z

Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb

image-lady-day-az

12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan yeni başçıları qəbul edərkən söylədiyi “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” fikri, əslində, ölkəmizdə həyata keçirilən nəhəng yenidənqurma proseslərinin məntiqi nəticəsini ifadə edir.

Son illər ölkənin bütün bölgələrində — istər dağlıq, istər aran, istərsə də sərhəd zonalarında — yollar, körpülər, su və qaz xətləri, elektrik enerjisi infrastrukturu, məktəblər, xəstəxanalar, idman və mədəniyyət obyektləri tikilərək istifadəyə verilib. Bu layihələrin icrası regionların iqtisadi potensialını artırmaqla yanaşı, əhalinin həyat səviyyəsini yüksəldib, kənd və şəhər arasında sosial fərqləri minimuma endirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Azərbaycanın inkişaf xəritəsini köklü şəkildə dəyişib. Əgər əvvəllər regionlarda əsas problemlər içməli su, yol və enerji təminatı ilə bağlı idisə, bu gün həmin məsələlər artıq öz həllini tapmaqdadır. Dövlət başçısının “əsas infrastruktur layihələri başa çatıb” deməsi, ölkənin artıq post-infrastruktur mərhələsinə — yəni səmərəli idarəçilik, iqtisadi dərinləşmə və sosial rifah mərhələsinə keçdiyini göstərir.

Bu reallıq, həm də yeni təyin olunan icra başçıları qarşısında yeni vəzifələr qoyur. Artıq əsas diqqət regionların iqtisadi aktivliyinin artırılmasına, özəl sektorun inkişafına, kənd təsərrüfatında innovasiyaların tətbiqinə, turizmin genişlənməsinə yönəlməlidir. İnfrastruktur hazırdır, indi o infrastrukturdan davamlı iqtisadi dəyər yaradılmalıdır.

Cənab Prezident əlavə olaraq qeyd etdi ki, “Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır”

Bu gün Azərbaycan bölgələri təkcə infrastruktur baxımından deyil, həm də iqtisadi sabitlik, sosial təminat və ekoloji təhlükəsizlik sahələrində regionda nümunə göstərilə biləcək səviyyəyə çatıb. Lakin inkişaf prosesi daim yenilənmə tələb edir. Yeni mərhələdə məqsəd, mövcud infrastrukturu daha səmərəli şəkildə idarə etmək və regionlarda dayanıqlı iqtisadi artım üçün müasir idarəetmə modellərini tətbiq etməkdir.

Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın inkişaf salnaməsində bir dönüş nöqtəsini əks etdirir. İndi ölkə artıq “quruculuq dövrü”nü başa vuraraq yüksək səmərəlilik və insan mərkəzli idarəçilik mərhələsinə qədəm qoyur.
Bu, Azərbaycanın gələcək onilliklərdə daha güclü, müasir və rifahlı dövlət kimi inkişaf edəcəyinin aydın göstəricisidir.

 

Babək Mikayılov  –  Zərdab Peşə liseyinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki