image-qanunla-reklam
image-media-1750668942-17506688335750435006_1200x630-l96qxes87yu3kjrcg25b

Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq

image-lady-day-az

Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq.

Azərbaycan son illərdə bərpaolunan enerji sektorunda ardıcıl və məqsədyönlü siyasət yürüdərək, bu sahədə ciddi irəliləyişlərə imza atıb. Xüsusilə son 3 ildə bir sıra iri enerji layihələrinin icrası və beynəlxalq əməkdaşlıqlar ölkənin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində mühüm mərhələ təşkil edir. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Bundan əlavə, Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində ciddi işlər görülür. Artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib və ya tikintisi davam etdirilir. Bu stansiyalar həm bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, həm də enerji təhlükəsizliyinə töhfə verir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur ki, bu da region üzrə ən yüksək göstəricilərdən biridir. Azərbaycan Hökuməti 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmağı hədəfləyir. Xəzər dənizinin dayaz hissəsində planlaşdırılan külək elektrik stansiyaları, yeni Günəş və hidroenerji layihələri ilə bu məqsədə nail olunması üçün zəruri hüquqi, texniki və investisiya bazası yaradılıb. Beynəlxalq şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində yaxın illərdə enerji sisteminə minlərlə meqavat gücündə yaşıl enerji əlavə ediləcək. Bu isə həm enerji ixracının artırılması, həm də ekoloji öhdəliklərin yerinə yetirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar açacaq. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. COP29 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi də Azərbaycanın bu sahədəki iddiasını və qlobal enerji gündəmində artan rolunu bir daha nümayiş etdirir.

Zərdab Gənclər evi SXM-in metodisti –Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki