image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

“Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq

image-lady-day-az

“Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illər Azərbaycan tarixinə mədəniyyətin çiçəklənməsi, onun bütün sahələrinin inkişafı və zənginləşməsi dövrü kimi daxil olmuşdur. Ulu Öndər görkəmli mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin fəaliyyəti ilə həmişə maraqlanmış, onlara qayğı göstərmişdir. Eyni zamanda onları son dərəcə zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin təməlinə əsaslanaraq parlaq sənət əsərləri yaratmağa çağırırdı. Bunun üçün hər cür şərait yaradırdı. Klassik ədəbiyyatımızın dünya miqyasında təbliğ olunmasına böyük əhəmiyyət verirdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisəsi təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Ulu Öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa olunmuş müasir və klassik ənənələri özündə cəmləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

“Xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir.”

Görkəmli yazıçı və dramaturq, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının nüfuzlu nümayəndələrindən biri Cəlil Məmmədquluzadə ədəbiyyatımızın inkişafı, ana dilimizin saflığı uğrunda fədakarcasına mübarizə aparan, xalqın milli düşüncəsinin formalaşmasında xüsusi xidməti olan ədəbi simalardandır. Çoxşaxəli yaradıcılığını Azərbaycan xalqının, onun dilinin, mədəniyyətinin inkişafına həsr edən Mirzə Cəlil elmi-ictimai həyatda yüksək zirvələr fəth edib.

Azərbaycan ədəbiyyatının klassiklərinin ədəbi irsinə, onların yaradıcılığının elmi tədqiqinə dövlət tərəfindən həmişə böyük həssaslıqla yanaşılıb, geniş məkanda təbliğinə şərait yaradılıb, onların adları əbədiləşdirilib və heykəlləri ucaldılıb. Böyük realist yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı əvəzsiz xidmətləri də dövlət səviyyəsində həmişə yüksək qiymətləndirilib

Ulu Öndərin layiqli davamçısı – ölkə başçısı cənab İlham Əliyevin 2006-cı il yanvarın 23-də imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən görkəmli ədibin yaratdığı həmin satirik jurnalın 100 illiyi dövlət səviyyəsində qeyd edilib.

Mirzə Cəlilin nəşr etdirdiyi “Molla Nəsrəddin” məcmuəsi Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərib, Vətənə bağlılığı, ana dilinə sevgisi ilə seçilib, Azərbaycanın ictimai fikrinin formalaşmasında müstəsna rol oynayıb.

Cəlil Məmmədquluzadənin çoxcəhətli və zəngin ədəbi irsinə yüksək qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.

XX əsr Azərbaycan ədəbiyyatında müstəsna xidmətlər göstərən, xalqımıza zəngin, mədəni irs bəxş edən, ölməz əsərləri ilə xalqı mədəni inkişafa aparan, görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin xatirəsi daim ürəklərdə ucalacaqdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

“Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır.”

1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.

Həqiqətən də, Hüseyn Cavid 1937-1957-ci illərdə – siyasi bəraət alana qədər təqribən 20 il Azərbaycan xalqının qəlbində yaşadı. İ.V.Stalinin vəfatından sonra (5 mart 1953)  və Sov.İKP XX qurultayında (1956) şəxsiyyətə pərəstişin və onun nəticələrinin ləğv edilməsi haqqında qərardan sonra H.Cavidin zəngin və möhtəşəm yaradıcılığı ədəbi-nəzəri fikrin diqqət mərkəzinə keçdi. 1960-cı ildə akademik Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası ilə H.Cavid yaradıcılığının tədqiqinin ikinci mərhələsi başlandı. Birinci mərhələ (1920-1937) ədibin həbsi ilə başa çatmış, daha doğrusu, yarımçıq qalmışdı.

Ulu Öndər Heydər Əliyevin həmin çıxışında tənqidi bir məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib”. Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi. Ümumən o, bütün fəaliyyətində ardıcıl şəxsiyyət idi, başladığı işi, verdiyi qərarı mütləq axıra çatdırırdı. Ulu Öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.

Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid  məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib, xalqımız onu yaradanları dualar və təhsinlərlə yad edir. Hüseyn Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub. Naxçıvanda və Bakıda Hüseyn Cavidin Ev Muzeylərinin yaradılması, məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev kimi onun uzaqgörən, müdrik ardıcılı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının dövlət səviyyəsində təbliği sahəsində bir çox işlər görmüşdür. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunmuşdur. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 130, 135 və 140 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuş, Bakıdakı Ev muzeyi tərəfindən Hüseyn Cavidin bir çox əsərləri Azərbaycan dilində və bir çox xarici dillərdə hazırlanaraq nəşr edilmişdir; Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu ərsəyə gətirilmiş, Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığından bəhs edən kitablar işıq üzü görmüşdür.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

“Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”

Xalqımızın musiqi tarixində elə simalar var ki, onların yaradıcılığı dünya musiqi xəzinəsinə bənzərsiz töhfələr verib. Belə sənətkarlarımızdan biri də görkəmli musiqiçisi, dirijor, bəstəkar, Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Beynəlxalq Nehru mükafatı laureatı, tanınmış ictimai xadim maestro Niyazidir. O, hər zaman Hacıbəyovlar nəslinin görkəmli nümayəndələrindən biri kimi xatırlanır. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, dərin erudisiya və güclü iradə Niyazi yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Maestro həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa sənətkarlardan fərqlənir.

Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili-səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı. Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin ilk təfsirçisi olmaq maestronu musiqi tariximizdə əbədiyyən arxivləşdirdi. Niyazi Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərərək onların inkişafında, dünyagörüşündə, zövqlərinin formalaşmasında çox böyük missiyanı öz üzərinə götürmüş oldu. Heç kimə sirr deyil ki, peşəkar dirijorluq məktəbinin inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Bütün Azərbaycan dirijorları Niyazinin tələbələri və o məktəbin davamçılarıdır. Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi ilə çoxillik yaradıcılıq ünsiyyəti nəticəsində peşəkar ifaçılıq zirvəsinə qalxaraq Azərbaycan simfonizminin əsl “yaradıcılıq laboratoriyasına” çevrilə bilib. Əminliklə demək olar ki, Azərbaycan musiqisi yarım əsrə yaxın böyük bir zaman kəsiyində maestro Niyazinin çox fəal iştirakı ilə inkişaf edib. Hər zaman respublikanın musiqi ictimaiyyətinin qarşısında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultaylarında və plenumlarında gənc bəstəkarların əsərlərinin Niyazi tərəfindən ifası musiqisevərlər üçün əsl bayrama çevrilirdi. Bütün gənc bəstəkarlar Niyaziyə doğru can atırdı, axı, o, yalnız dirijor deyil, həm də orkestri gözəl bilən bəstəkar idi. Müxtəlif yaş nəslindən olan Azərbaycan bəstəkarları öz partituralarını məhz Niyaziyə göstərirdilər. Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri danılmazdır. Onun “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. “Rast” müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənməklə dünyanın tanınmış musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazılıb. Nizaminin poeması əsasında yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, xor səhnələri və orkestr epizodlarının ifadəliyi ilə fərqlənirdi.

Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o, həm bəstəkar kimi milli musiqimizi zənginləşdirib, həm də bir dirijor kimi Ü.Hacıbəylidən başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görüb. Niyazi sənəti əbədidir. Çünki onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.

Ulu Öndər Heydər Əliyev siyasətinə daim sadiq qalan Prezident cənab İlham Əliyev Azərbaycan dövlətinin mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadaraq, əbədiləşdirir. 2017-ci ildə Prezident cənab İlham Əliyevin Bakı şəhərinin mərkəzində Niyazinin adını daşıyan küçədə Niyazinin abidəsinin açılışını etmişdir.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

“Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.”

Azərbaycan ədəbiyyatı tarixində elə bir dəyərli ədib yoxdur ki, Heydər Əliyev onun yaradıcılığına, şəxsiyyətinə biganə yanaşsın, ona diqqət yetirməsin. Dahi Azərbaycan şairi Məhəmməd Füzuli də Ulu öndərin nəzərindən yayınmadı. Belə ki, Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əliyev yubiley üzrə Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağında söylədiyi, böyük əks səda doğurmuş nitqində yer alan mülahizələrlə də Azərbaycanın, xalqımızın tanıdılmasının vacibliyi ilə bağlı qayğılarını ifadə edirdi: “Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını da təmin edəcəyik və etməliyik”. Göründüyü kimi Heydər Əliyev xalq anlayışını ədəbiyyatdan ayırmır, onları paralel şəkildə, bir biri ilə bağlı şəkildə əlaqələndirir. Ulu Öndər təkidlə qeyd edirdi ki, “Biz Füzulini təkcə” Leyli və Məcnun” poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi dünyaya tanıtmalıyıq. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin… tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyada tanınmasında ədəbiyyatın əvəzsiz rolunu hər zaman mükəmməl formada anlamış və elə bu səbəbdəndir ki, yubiley tədbirləri ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini tanıtmaq üçün belə məsuliyyətli tədbirləri həyata keçirmişdi.

Göründüyü kimi, Heydər Əliyev bütün bu məqamlarda həm ədəbiyyatın misilsiz bilicisi, sözə dəqiq qiymət verən parlaq şəxsiyyət olaraq göz önündə canlanır və tarixdə də daima belə qalacaq.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

“Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”

Ulu Öndər Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof  Hüseyn Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid  Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin  bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual dəyərdə böyük romantik şair və filosofun yaradıcılığına xas bir neçə cəhət öz ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır;  yaratdığı əsərlər milli  sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və müstəqilliyə xidmət edir; o, böyük yaradıcılıq iradəsi nümayiş etdirmiş, millətinə sadiq olmuş, onu sevmiş və hədsiz xidmət göstərmişdir.

Bütün bunlar romantik şair və filosof kimi Hüseyn Cavidin şəxsiyyətini ucaldan, onun yaradıcılığının milli-tarixi və bədii-fəlsəfi əhəmiyyətini əks etdirən cəhətlərdir. Ulu Öndər Heydər Əliyevin bu fikirləri H.Cavid yaradıcılığına dərindən nüfuz etməyə imkan verir. Hər şeydən öncə, H.Cavid həyatda olanı yox, həyatda olmalını tərənnüm edən romantik şair idi. O, XX əsrin Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, A.Şaiq, Divanbəyoğlu və s. kimi söz və fikir adamları ilə birlikdə bir ədəbi-nəzəri cərəyan kimi Azərbaycan ədəbiyyatında romantizmi formalaşdırmağa nail oldu.

Hüseyn Cavidin irsi bizim milli-bədii sərvətimizdir. Onun faciəli taleyi Heydər Əliyevin böyük qəhrəmanlığı sayəsində ibrətli bir sonluqla nəticələndi. Bu gün Naxçıvanda Cavidlər məqbərəsi əzəmətlə ucalır. Bu məqbərənin tikilməsi onun sərt tələbkarlığı və Hüseyn Cavidə ümumən ədəbiyyat və mədəniyyətimizə məhəbbəti ilə bağlı idi.

Ümummilli lider Heydər Əliyevin Cavid taleyinə münasibəti, siyasi liderin, dövlət başçısının mənsub olduğu xalqın klassik irsinə, mənəvi mədəniyyətinə münasibətinin ən parlaq nümunəsidir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki