Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən cənab İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır.
Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Dövlətimizin başçısı daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.”
Bu gün dövlətimizin başçısı yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamına xidmət edir. Dövlətimizin başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir. Çıxışlarında “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təkmil islahatlar öz müsbət nəticəsini verir. Bu islahatlar dövlətimizin daha da gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına hesablanıb. Hazırkı dövrün əsas hədəflərindən bir təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu ərazilərə qayıdışının təmin edilməsidir. Bu bərpa-quruculuq işlərində də vətəndaş məmnunluğunun öndə saxlanıldığı özünü aydın şəkildə nümayiş etdirir. Bu torpaqlara qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Onlara sosial xidmətin təmin edilməsində şəffaflıq prinsipinin, operativliyin qorunması üçün bu torpaqlarda da Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” DOST mərkəzlərinin yaradılması əsas hədəf kimi qarşıya qoyulub. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Bir sözlə, hazırda bütün regionlarımızdə, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər müasir dövrün çağırışlarını özlərində ehtiva edirlər.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru
























