Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu.
Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli və davamlı sülhün təmin edilməsi ən mühüm məsələlərdən biri hesab olunur. Uzun illər müxtəlif regionlarda baş verən müharibələr və qarşıdurmalar dövlətlərin təhlükəsizliyinə, iqtisadi inkişafına və humanitar vəziyyətə ciddi təsir göstərmişdir. Bu baxımdan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli və regionlarda sabitliyin bərqərar olunması dünya ictimaiyyətinin əsas prioritetlərindən biridir. Azərbaycan da uzun illər davam edən münaqişədən sonra regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addımlar atan ölkələrdən biridir.
2026-cı il martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək regional təhlükəsizlik, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunmuşdur. Forum müxtəlif ölkələrdən dövlət xadimlərini, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirərək qlobal çağırışların müzakirə olunduğu mühüm platforma rolunu oynayır. Bu tədbirdə Azərbaycan regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti beynəlxalq ictimaiyyətə təqdim etmişdir.
Uzun illər davam edən Qarabağ münaqişəsi regionda təhlükəsizliyə və inkişaf proseslərinə mənfi təsir göstərmişdir. Lakin son illərdə baş verən siyasi və hərbi proseslər nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, bununla yanaşı regionda yeni əməkdaşlıq və sülh mərhələsinin başlanması üçün təşəbbüslər irəli sürmüşdür. Rəsmi mövqeyə görə, davamlı sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsipləri və dövlətlərin suverenliyinə hörmət əsasında mümkündür. Bu yanaşma regionun gələcək inkişafı və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi üçün də mühüm əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübəni xüsusi olaraq qeyd etmişdir: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız – hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.” Bu fikirlər Azərbaycanın regionda sabitliyin və sülhün möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əsas mahiyyətini əks etdirir. Azərbaycanın təşəbbüsləri regionda uzunmüddətli sülhün bərqərar olmasına və ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verir. Beləliklə, ölkə beynəlxalq səviyyədə sülh və təhlükəsizlik məsələlərinin həllində öz təcrübəsini paylaşan mühüm aktorlardan biri kimi çıxış edir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi























