Biz bu gün bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq.
1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, daha sonra azərbaycanlı neft mütəxəssislərinin Vyetnamdakı fəaliyyətləri ölkələrimiz arasında səmimi münasibətlərin yaranmasına səbəb olub. Azərbaycan və Vyetnamın dövlət rəhbərlərinin qarşılıqlı səfərləri bu günkü dostluq əlaqələrimizin daha da güclənməsinə xidmət edir. Məhz may ayının 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı imzalanan sənədlər Azərbaycan-Vyetnam münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Səfər zamanı həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir. Eyni zamanda, iki dövlət Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Həmçinin Cənab Prezident çıxışı zamanı Azərbaycanın bərpaolunan enerji növlərinin istehsalı sahəsindəki təcrübəsinə diqqət çəkərək qeyd etdi ki, “Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim”.
Cənab İlham Əliyev sonda qeyd etdi ki, “Bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir”.
Gəncliyə Dəstək İctimai Birliyinin Sədri Vəfa Xəlili