Biz 12 ölkəyə qaz tədarük edirik
Son illərdə Azərbaycan enerji təhlükəsizliyi məsələsində regional aktordan strateji tərəfdaşa çevrilib. Bu gün ölkəmizin 12 ölkəyə təbii qaz ixrac etməsi təkcə iqtisadi göstərici deyil, həm də geosiyasi əhəmiyyət daşıyan mühüm nailiyyətdir. Bu fakt Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir və onu Avrasiyanın enerji xəritəsində əsas oyunçulardan birinə çevirir.
Azərbaycan qazının dünya bazarına çıxarılmasında ən mühüm rol oynayan layihələrdən biri Cənub Qaz Dəhlizi hesab olunur. Bu nəhəng enerji infrastrukturu Xəzər hövzəsindən hasil olunan qazın Avropa bazarına birbaşa və təhlükəsiz nəqlini təmin edir. Dəhlizin əsas seqmentləri olan TANAP və TAP vasitəsilə Azərbaycan qazı Türkiyə üzərindən Cənubi və Mərkəzi Avropaya çatdırılır.
Qaz tədarük edilən ölkələrin sayının 12-yə çatması Azərbaycanın ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir. Bu ölkələr arasında həm region dövlətləri, həm də Avropa İttifaqı məkanında yerləşən tərəfdaşlar var. Enerji böhranları fonunda alternativ mənbələrə artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldib.
Bu uğurun təməlində isə zəngin qaz ehtiyatları dayanır. Xəzər dənizində yerləşən Şahdəniz qaz yatağı dünyanın ən iri qaz-kondensat yataqlarından biri hesab olunur və ölkənin ixrac potensialının əsas dayağıdır. Yatağın mərhələli işlənməsi ixrac həcmlərinin artmasına imkan verib və uzunmüddətli müqavilələr üçün etibarlı baza yaradıb.
Azərbaycanın 12 ölkəyə qaz tədarük etməsi həm də milli iqtisadiyyat üçün mühüm gəlir mənbəyidir. Enerji ixracından əldə olunan vəsait qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinə və sosial proqramlara yönəldilir. Bununla yanaşı, ölkə enerji diplomatiyası vasitəsilə siyasi və iqtisadi əlaqələrini möhkəmləndirir. “Biz 12 ölkəyə qaz tədarük edirik” ifadəsi sadəcə statistik rəqəm deyil. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun, enerji təhlükəsizliyinə töhfəsinin və uzunmüddətli strateji baxışının göstəricisidir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova



















