Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.
2020-ci ilin yayından etibarən Ermənistan silahlı qüvvələrinin təxribatları intensiv xarakter almağa başladı. Xüsusən Tovuz hadisələri göstərdi ki, Ermənistan regionda yeni müharibə ocağı yaratmaq niyyətindədir. Azərbaycanın sərhədyanı bölgələrinə edilən hücumlar həm mülki əhalini hədəfə alır, həm də regional kommunikasiyaları təhlükə altında qoyurdu. Bu təxribatların ardınca 27 sentyabrda atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu genişmiqyaslı hücuma keçdi. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq əks-hücum əməliyyatlarına başladı. Beləliklə, bu, yalnız təsadüfi başlanğıc deyildi. Uzun illər davam edən işğal siyasətinə cavab, xalqın ədalət tələbinin həyata keçirilməsi və dövlətin suveren hüquqlarının bərpası istiqamətində atılmış tarixi addım idi. Özünü beynəlxalq aləmdə təsdiq edən, nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdir. Bu birlik otuz ilə yaxındır nəinki Azərbaycanın, hətta bütün qonşu xalqların əziyyət çəkdiyi erməni vandalizminə 44 gün ərzində son qoydu. Qısa bir müddətdə öz işğal olunmuş torpaqlarını azad edən müzəffər Azərbaycan Ordusu həm də regionun mənzərəsini dəyişdi, ölkələr arasındakı vəhşi düşmən tərəfindən süni şəkildə yaradılmış maneələri dəf etdi. Vətən müharibəsi yalnız hərbi qələbə deyildi. Bu, Azərbaycan dövlətçiliyinin siyasi, hüquqi və ideoloji baxımdan möhkəmlənməsi prosesi idi. Döyüş meydanında qazanılan uğurlar dövlətin beynəlxalq nüfuzunu artırdı, xalqın milli birliyini gücləndirdi və dövlətçilik ənənələrinin inkişafına xidmət etdi. Bu hadisələr həm də dövlət-xalq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Xalq öz liderinə güvənini nümayiş etdirdi, dövlət isə bütün imkanlarını və resurslarını xalqın rifahı və təhlükəsizliyi üçün səfərbər etdi. Bu proses Azərbaycan dövlətçiliyinin dayanıqlılığını sübut etdi, milli dövlətçilik ideyalarının möhkəmlənməsinə mühüm təsir göstərdi. Müharibə zamanı Azərbaycan cəmiyyətində siyasi baxışlardan, sosial təbəqə fərqlərindən asılı olmayaraq, vahid milli ideya formalaşdı. Azərbaycançılıq ideologiyası dövlətçilik tarixində özünün ən güclü ifadəsini tapdı. Bu ideologiyanın əsas prinsipi bütün vətəndaşların dövlətə, orduya sədaqəti, torpaq uğrunda mübarizədə birləşməsi idi. Vətən müharibəsi sübut etdi ki, xalq və dövlət bir məqsəd uğrunda mübarizə apardıqda, qarşısıalınmaz bir gücə çevrilir. Azərbaycanın Vətən müharibəsi nəticəsində əldə etdiyi qələbə çoxşaxəli nəticələr doğurdu. Əvvəla, dövlətin ərazi bütövlüyü bərpa olundu. Bu, Azərbaycanın haqlı mövqeyinin təsdiqi idi, dövlətimizin beynəlxalq hüququn tələbləri çərçivəsində öz hüquqlarını özünün bərpa etməsi idi. Digər tərəfdən, Azərbaycanın regiondakı nüfuzu əhəmiyyətli dərəcədə artdı. İqtisadi baxımdan isə işğaldan azad olunmuş ərazilərin bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizi kimi strateji layihələrin gündəmə gəlməsi ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Beynəlxalq miqyasda isə Azərbaycan etibarlı tərəfdaş, güclü dövlət imici qazandı.
Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.























