image-qanunla-reklam
image-529123688_1310136500466125_3090557177745917213_n

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub

image-lady-day-az

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub.

8 avqust səfərinin ən mühüm və əhəmiyyətli nəticələrindən biri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammit olub. Bu görüş nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan tərəfindən illər boyu irəli sürülən və müzakirə edilən sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul edilməsinin mühüm göstəricisidir. Birgə Bəyannamə regional sülhün bərqərar olması üçün zəruri olan əsas prinsipləri və addımları müəyyənləşdirir. Eyni zamanda, sənəd Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı hörmət və təhlükəsizliyin təmin olunması üçün etibarlı baza yaradır.

Görüşün nəticələri regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması yolunda əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir. Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq platformada daha da gücləndirmiş, sülh və əməkdaşlıq çağırışlarını reallığa çevirmək üçün beynəlxalq həmrəylik nümayiş etdirib. Sammit, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycan Respublikasının qonşularla sülh və əməkdaşlıq siyasətinə ciddi töhfə verdiyini göstərir və ölkəmizin qlobal siyasətdə nüfuzunun artmasına xidmət edir. Beləliklə, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh diplomatiyasında əldə etdiyi yeni uğurun parlaq ifadəsidir və gələcəkdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm bir təməl daşıyır.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması olub. Bu faktor sülh prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilib, gələcəkdə sülh sazişinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.

Vaşinqton Sammitinin nəticələri arasında ən diqqətçəkən və strateji əhəmiyyət daşıyan addımlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmi olaraq dayandırılması olub. Uzun illərdir sülh prosesində real nəticələr verməyən bu mexanizmin bağlanması barədə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan birgə müraciət məktubu imzalanıb. Bu, Azərbaycan diplomatiyasının 2020-ci ildən bəri davamlı olaraq gündəlikdə saxladığı və sülh prosesində qarşıya çıxan əsas maneələrdən birinin aradan qaldırılması baxımından əhəmiyyətli bir qələbə kimi diqqət çəkir.

Birgə Bəyannamədə regionun nəqliyyat sahəsində inteqrasiyasına xidmət edən mühüm məsələlər də qeyd olunub. Belə ki, sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və fasiləsiz bağlantının təmin edilməsi strateji bir prioritet kimi önə çəkilib. Bu amillər həm də regional iqtisadiyyatın inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün vacibdir. Vaşinqton görüşündə bu istiqamətdə konkret addımların atılması və yeni kommunikasiyaların açılması üçün razılığın əldə olunması gələcəkdə Cənubi Qafqazın sabitliyi və rifahı üçün əsaslı zəmin yaradır.

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki