image-qanunla-reklam
image-media-1679258585_1647720451_1616144062_8277514_1616143923_7588909e8d279b0-09c6-4c45_rgyb6os-fs95yv3xcolgjp07b8qu

 Beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması

image-lady-day-az

Beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri  xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ulu Öndər həmçinin hesab edirdi ki, müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızın hamısını eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.

Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət – ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində  qalib xalq olaraq qeyd edirik. Bu isə misli görünməmiş xoşbəxtlikdir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz bayramının tarixi çox qədimdir. Bu bayram tarixən Əhəmənilər dövlətinin zamanında e.ə. 505-ci ildə meydana gəlmişdir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Ölkəmizin beynəlxalq aləmdə tanınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Mehriban xanım Əliyevanın  fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslər həyata keçirilməsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.

Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.  Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevadır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm tərkib hissəsini özündə ehtiva edən bayramdır. Qərinələr əvvəl olduğu kimi, indi də Novruz Azərbaycanda, Türkiyədə (daha çox şərqi Anadolu bölgəsində) və Orta Asiya dövlətlərində bahar bayramı kimi qeyd olunmaqdadır.

Novruzun əsasında xalq mərasimləri dayanır. Bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi, yeniləşmə gününün ilk başlanğıcı şəms (günəş) təqviminin ilk ayının ilk gününə təsadüf edir. Novruz yeni ilin ilk günüdür və farsca da yeni gün deməkdir.

Alimlərin fikrincə, Novruzun tarixi çox qədimdir. Elmi araşdırmalara görə, Novruz bayramının başlanması qədim dövrlərə – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Bir sıra tədqiqatlarda isə Novruzla Zərdüştlüyün oxşar və fərqli cəhətləri müqayisə olunur. Həmin tədqiqatçılar isə belə qənaətə gəliblər ki, Novruzun tarixi Zərdüştlükdən çox qədimdir. Çünki günəşin müqəddəs sayılması odun müqəddəs hesab edilməsindən əvvəldir. Alimlər bayramın yaşını 3700-5000 il müəyyən edirlər. Eyni zamanda, bəzi araşdırmalarda türklərdə odun təmizləyici funksiyasının, atəşpərəstlikdəki müqəddəslikdən fərqli olduğu fikri irəli sürülür. Məsələn, biz tonqalın üzərindən atlanarkən “ağırlığım, uğurluğum, azarım-bezarım odlara” və s. bu kimi ifadələr səsləndiririk ki, bunlar odun müqəddəs hesab olunması anlayışı ilə qətiyyən uzlaşmır. Bu da tədqiqatçılara imkan verir ki, türklərdə odun müqəddəs deyil, təmizləyici, arındırıcı olduğu qənaətinə gəlsinlər.

İldən-ilə müasirləşən ölkəmizin hər bölgəsində bu gün də Novruzun bütün atributları, inancları, adət-ənənələri saxlanılıb. Xatırlatmaq yerinə düşərdi ki, bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Xüsusilə Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın  adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib bayramlaşmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Novruz ənənələri incəsənətdə

Novruz bayramı Azərbaycanın milli bayramıdır. Xalqımız əsrlər boyu bu bayramı özünə məxsus ənənələri ilə qeyd edir. Bu bayram Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.

Novruz bayramı ilə əlaqədar xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar bəstələmişlər.  Həmçinin, Novruz bayramı haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri çəkilib. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biri də Novruzdur.Həmçinin Novruz haqqında Rəssamlarımız bayram, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar.

Xalq rəssamı Əzim Əzimzadə əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir. Realist rəssamın bu mövzuda məşhur rəsmlərindən biri “Kosa-kosa oyunu” adlanır. Əsərdə yazın rəmzi olan Kosa müqəvva kimi təsvir edilib. Amma onun yanında qışın rəmzi olan Keçəl yoxdur. Oyunun iştirakçıları isə kişilər və uşaqlardır.

Rəssamın “Sabunçu hacıları xoruz döyüşdürürlər” əsəri Novruzun başqa bir adətinə həsr olunub.

Görkəmli rəssam Ələkbər Rzaquliyev də xalqımızın məişətini, adət-ənənələrini ustalıqla əsərlərinə köçürüb. Rəssamın Novruz mövzusunda çəkdiyi əsərlərindən biri “Bayrama hazırlıq” adlanır. Doğrudan da, Novruz uzun hazırlıq tələb edən bayramdır. Onun öz yeməkləri, şirniyyatları var. Əsərdə bayram üçün şirniyyat bişirən qadınlar təsvir olunub.

Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.

“Bahar” tablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilir və milli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.

Novruz bayramı ümumilikdə xalqı birləşdirən  və ölkəmizin hər yerində böyük çoşqu ilə keçirilən milli bayramımızdır.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Bayram şənlikləri

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Novruz bayramı dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması Ümummilli Lider  Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab  Prezident  İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü,qəhrəmanlığı, xalqımızın birliyi,həmrəyliyi sayəsində  Ümummilli Liderin vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu  44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki