Bərpaolunan enerji potensialımız çox artacaq
Bu il, yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Açlış mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir. Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışı keçirildi. bu bir daha əminlik yaratdı ki, ölkəmizdə ənənəvi generasiya gücləri və bərpaolunan generasiya güclərinin inkişafı paralel şəkildə aparılmalıdır. Prezident cənab İlham Əliyev yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxışında demişdir: “Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”.
Cənab Prezident öz çıxışında qeyd edib ki, beynəlxalq qiymətləndirməyə görə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Bununla əlaqədar Prezident İlham Əliyev xarici investorları, o cümlədən Azərbaycan şirkətlərini də həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə, xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edib. Bu gün Azərbaycanda gözəl investisiya iqlimi vardır. Artıq ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilən uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc
























