Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi keçirilib.
“Qanunla.az”ın verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş və hazırda Türkiyədə onkoloji xəstəliyi ilə bağlı müalicədə olan iş adamı Xalid Kərimovun prosesdə onlayn ifadəsi dinlənilib.
Ötən proseslərdə zərərçəkənin ifadəsi eyni formatda dinlənilsə də, dövlət ittihamçısı Tural Yaqubov bu ifadəni zərərçəkənin hansı şəraitdə verməsinə əmin olmadığını bildirərək bunu məhkəmə üçün sübut kimi qiymətləndirməyib və ondan növbəti ifadənin alınması ilə bağlı bir sıra tələblər irəli sürüb.
Xalid Kərimov isə bu dəfə prosesə Türkiyənin İstanbul şəhərindəki polisin inzibati binasından canlı bağlantı vasitəsilə qoşularaq prokurorun tələblərinə uyğun ifadəsini verib.
Zərərçəkmiş şəxsin vəkili Mirdamət Qədirli Xalid Kərimova sual verərək bildirib ki, işin içində sizə aid 1 ədəd çılpaq şəkil var. O şəkil Aybəniz Xəlilovanın mobil telefonundan çıxıbmı?
Xalid Kərimov isə cavabında o şəkil onun telefonunda olduğunu, Dubayda oteldə çəkdiyini, həmin şəkilin Aybənizin telefonundan çıxmadığını və Aybənizi cəzalandırmaq üçün belə bir oyun oynadığını qeyd edib.
Vəkil Mirdamət Qədirli məhkəmədə onu da qeyd edib ki, istintaq orqanının təqdim etdiyi sübutlarla Xalid Kərimovun vermiş olduğu sübutlar ziddiyyət təşkil edib.
Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və polisə bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını deyib.
Zərərçəkən iş adamı ittihamdakı Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması faktını təkzib edərək, bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib. O, ifadəsi zamanı, həmçinin bildirib ki, Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddia tələbi də yoxdur və məhkəmə istintaqına təqdim etdiyi mötəbər sübutlar əsasında ümid edir ki, Xəlilova öz azadlığına qovuşar.
Zərərçəkənin budəfəki ifadəsi məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirilib.
Fevralın 17-də keçirilməsi nəzərdə tutulan növbəti proses zərərçəkənə veriləcək suallarlə işini davam etdirəcək.
Qeyd edək ki, “Bəniz” ləqəbli Tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu

























