image-qanunla-reklam
image-e9f3c6b5ba8e18ced05afc4418b05233

“Bədheybət poqonlular”in zühuru – Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır

image-lady-day-az

O biri əsrləri kənara qoyaq, təkcə son 125 ildə Rusiyada həmişə belə olub: siyasi qətllər, kütləvi edamlar, kütləvi zorakılıqlar, kütləvi repressiya, kütləvi sürgünlər, zorla mənimsəmələr, gecə basqınları, xroniki şərləmələr və sair və ilaxır.

Bir dövlətin qulluqçuları A-dan Z-yə qədər nə qədər cinayət törədə bilərsə, hamısının on qat artığı məhz Rusiyada mülki və poqonlu məmular tərəfindən törədilib. Ənənə davam etdirilir.

Rusiyada bu mövzuya dair dəbdə olan yeni ifadələrin heç biri uydurma deyil. Kriminogen durumun ağırlığından danışanda “müdhiş 90-cı illər” deyir, həmin illərdəki qırğınları nəzərdə tuturlar. Tam yerində ifadədir.

SSRİ dağılandan sonrakı onillikdə 15 müttəfiq respublikanın içində ən çox sifarişli qətllər, silsilə oğurluq və quldurluqlar, açıq reketlik hadisələri, şərləyib təcridxanaya basmaq, varidata əl qoymaq olayları ən çox Rusiyada baş verirdi. Rusiya artıq 10 ilə yaxındır “müdhiş 90-cı illər”ə qayıdıb və daha betər olub. Meşələrdə “itkin düşən”lərin basdırıldığı alternativ qəbristanlıqlar var.

“Poqonlu bədheybətlər” ifadəsini də rusiyalı jurnalistlər və kinematoqraflar icad edib məşhurlaşdırıb. Bu da real ləqəbdir, çiynində yüksək rütbənin poqonlarını daşıyan vəzifəli şəxslərin özlərini cəzasızlıq mühitində hiss edərək biznesmenləri dövlət adından girov götürməsini, soymasını, sərf etməyənləri öldürüb qanlarını batırmasını, özlərinə hüdudsuz sərvət toplamasını nəzərdə tutur. Bu, heç vaxt arxa plana keçməyib.

Rusiyada işdən çıxarılan, bəzənsə həbs edilən poqonluların yerinə təyin edilənlər onlardan aldıqları estafeti tam sürətlə irəli daşıyıblar və daşımaqdadırlar.

Kriminal ölkədir Rusiya. Dünyada ona tən gələn ölkələrdən bəlkə Braziliya, Meksika və Cənubi Afrika Respublikasının adını çəkmək olar.

Rusiyada mafiya, yoxsa dövlət güclüdür, bilinmir. Mafiya kimlərdir, dövlət adamları kimlərdir, o da tam aydın deyil. Bu ölkədə mafiya və dövlət çoxdan çulğaşıb, bir bədəndə iki başı olan simbioz varlığa çevrilib. Dövlət adamları həm də mafiozdurlar, mafiya bosslarının isə yüksək vəzifəli şəxslər üzərində hökmləri var. Onlar gündüzlər qubernator, mer, deputat ola bilərlər, axşam isə qətl, basqın, yağmalama sifarişi, göstərişi verəcəklər.

Rusiyada dövlətin qanunları ilə yanaşı, kriminal aləmin qanunları da hökm sürür, bütün sferalarada ona uyğunlaşaraq yaşamağa, işləməyə çalışırlar. Özləri buna “jit po ponyatiyam” (“anlayışlar üzrə yaşamaq”) deyirlər. Hamı bilir ki, pul qazananlar onu vəzifəli şəxslərlə, eləcə də kriminal ünsürlərlə bolməlidir. Çox qazanan çox, az qazanan az verməlidir. Bölüşməkdən imtina ölümə, həbsə aparır.

Cəngəllik qanunlarının bu cür qüvvədə olduğu ölkədə baş çıxarmaq çox çətindir. İndiyədək Rusiyadan ölkəmizə tabutda göndərilən minlərlə kişi məhz bu cəngəllik qanunlarının qurbanı olub. Bir ara, 1997-2002-ci il aralığında Rusiyada öldürülüb göndərilənlərin sayı o qədər çox idi ki, hər gün neçə-neçə “QAZel” və RAF markalı avtomobillər Binə aeroportunda yan güzgülərinə qara lent bağlayaraq tabut gözləyirdilər. Bilirdilər ki, bu gün Rusiyadan gələn reyslərdə ən azı bir tabut olacaq və onları yaxşı qiymətə rayona aparmaq lazım gələcək.

Rusiyanın hüquq-mühafizə orqanları belə başlayıbsa, “qara lentli maşınlar” yenidən aeroportda “müştəri” gözləməyə gedəcəklər.

“Müəmmalı rus ürəyi” ifadəsi də təsdiqini tapmaqdadır. Bu gün can bir qəlbdə olan, ard-arda tostlar söyləyən tərəfdaşlar ertəsi gün bir-birinin ünvanına basqın təşkil edə bilərlər və edirlər. Bu zaman “rus net dedi, qurtardı” hadisələri tez-tez baş verir. Fitvası verilmiş şəxsə heç bir güzəşt yoxdur, əmr sona qədər yerinə yetiriləcək. Nə mərhəmət, nə insanlıq…

Son 125 ildə rus cəmiyyəti həmişə əsəbi, hikkəli olub, həmişə hədəfə alınanların qanını, edamını tələb edib və niyyətinə çatınca müvəqqəti sakitləşib, amma bu qədəri olmayıb.

Almanlar II dünya müharibəsində məğlub olub torpaq itirəndən sonra necə nasizmə meyllənmişdilərsə, rus cəmiyyəti də “soyuq müharibə”dəki məğlubiyyəti “heyf o böyük dövlətə” düşüncəsi ilə qəbul edib, SSRİ-nin dağılmasını isə “torpaq itkisi” sayaraq nasizmə yuvarlanıb.

Rusiyanın hüquq-mühafizə orqanlarının özlərini Hitlerin SS-çiləri kimi aparmasının səbəbi budur. Onsuz da əsəbi və hikkəli idilər, Ukraynanın fenomenal dirənişi isə onları daha da acıqlı edib.

Həmvətənlərimizin qətlə yetirildiyi Yekaterinburq belə bir ölkənnin şəhəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki