image-qanunla-reklam
image-25c0bf2c-61b1-43bd-ba58-be8fbec8e3b4

Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir-Elşən Əzizov

image-lady-day-az

Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının aparıcı xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi ətraflı müsahibə bir sıra geosiyasi və iqtisadi məqamlarla yadda qaldı. Bu müsahibə yalnız Azərbaycan-Vyetnam münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın Asiya-Sakit okean regionuna dair xarici siyasət prioritetlərinə də aydınlıq gətirdi. Azərbaycanın son illərdə yürütdüyü müstəqil, balanslı və prinsipial xarici siyasət xətti, onu yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi strateji çəkidədir. Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb. Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var. Belə ki, 2013-cü ildə Azərbaycanın Vyetnamdakı səfirliyi fəaliyyətə başlayıb. Bu, ölkəmizin, bütövlükdə, Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyidir. Müsahibəsində iqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da, öz növbəsində, iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir.  Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Azərbaycan və Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, – deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb. Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir.

2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur. Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” markalı neft tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb. Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı, təkcə ikitərəfli səviyyədə deyil, həm də Avrasiya məkanında yeni geosiyasi dinamikaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq xalqlar arasında dostluq ruhuna əsaslanmaqla yanaşı, qarşılıqlı maraqlara, siyasi etibara və strateji baxışa söykənir. Cənab Prezident İlham Əliyevin verdiyi müsahibə göstərdi ki, Azərbaycan regional və qlobal səviyyədə sabitlik, sülh və tərəqqi yolunu tutaraq, dünya ilə qurduğu münasibətləri çoxölçülü strateji əsaslar üzərində qurmağa davam edir. Vyetnam bu baxımdan Azərbaycanın Asiyaya açılan mühüm tərəfdaş qapısıdır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki