Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür.
Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf gətirməkdir.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır. Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə, səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.
Cənab Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən qeyd etdi ki, “Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi”
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir.
Məkkə Həmidova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru
Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur.
Düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vandallıqlar törətmişlər. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
Sadə erməni vətəndaşları tərəfindən törədilmiş bu hadisələr uzun illər Ermənistanın əsas siyasəti olub.
Cənab Prezident İlham Əliyev cari 28 mart tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən bu məsələlərə toxunaraq qeyd etdi ki, “Laçın rayonu işğal altında olduğu 28 il ərzində rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.”
Cənab Preizdentin söylədikləri haqq-ədalətin daim Azərbaycan tərəfində olmağına, Ermənistanın Qarabağda tariximizə, infrastruktura, ətraf mühitə və s. vandalizm siyasəti yeritməsinə əyani sübutdur.
Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru.
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır.
Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Azərbaycan bu münaqişəni öz gücü ilə həll etdi, işğal altında ola torpaqlarını azad etdi. Münaqişənin həlli ilə bağlı üçtərəfli 2020-ci ildə 10 noyabr sənədi imzalanıb və həmin sənəddə bütün məsələlər öz əksini tapıb: “Həmin sənəd Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbənin nəticəsində imzalandı. Azərbaycan ordusunun döyüş meydanında şanlı qələbəsi Ermənistanı bu sənədi imzalamağa və işğal altında olan digər rayonlarımızı da boşlatmağa məcbur etdi.
Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr uzun illər ərzində də kağız üzərində qalacaqdı.
Martın 28-də Cənab Preizdent İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən qeyd etdi ki, “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər”
Bu gün Ermənistan və onun havadarları bilməlidilər Qarabağ Problemi artıq tarixə qovuşmuşdur. Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Aliya Rüstəmova – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.
Qarabağ Ermənistan tərəfindən işğal olunduğu dövrlərdə qondarma separatçı rejim və erməni lobbisi tərəfindən həmin ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilmişdir.
Tarix boyu işğalçı dövlətlər tərəfindən həyata keçirilən bu siyasət işğal edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə və işğal faktının möhkəmləndirilməsinə yönəlib. Ermənistan Qarabağda Azərbaycanın əzəli torpaqlarında o cümlədən Laçın rayonunda qanunsuz məskunlaşdırma siyasətindən geniş istifadə etmiş bu da, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Qanunsuz məskunlaşdırma IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 82-ci maddəsinə əsasən hərbi cinayət hesab edilir.
Ötən illər ərzində on minlərlə erməni əsilli köçkün mütəşəkkil şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmişdir. Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə təşkil edilmiş iki missiyanın hesabatları orada qanunsuz məskunlaşdırma faktlarını təsdiq etmişdir. Suriyada gedən müharibə zamanı erməni əsilli suriyalı vətəndaşların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz məskunlaşdırması davam etdirilmişdir. Əfsuslar olsun ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı etiraz bildirilməsinə və bu siyasətin Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdən zorla qovulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmasının qarşısının alınması məqsədi daşımasının vurğulanmasına baxmayaraq, ATƏT-in Minsk Qrupu bu məsələ ilə bağlı öz münasibətini bildirməmişdir.
Lakin artıq Qarabağ Azərbaycandır! və Qarabağda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə geniş quruculuq abadlıq işləri aparılır. Artıq ermənilər bizim dədə-baba yurdlarımızı qeyd şərtsiz boşaldıblar. Şükürlər olsun ki, məcburi köçkünlərimizin Qarabağa qayıdışı başlamışdır.
Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi