Azərbaycanın uğurlu rəqəmsal diplomatiyası və texnoloji suverenliyi!
Cənab Prezident İlham Əliyevin 11 fevralda sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə təkcə texnoloji məsələlərin müzakirəsi deyildi. Bu müşavirə Azərbaycanın gələcək inkişaf modelinin konturlarını müəyyən edən, dövlət idarəçiliyinin yeni mərhələsini göstərən və rəqəmsal suverenliyin strateji manifesti kimi dəyərləndirilə biləcək mühüm siyasi hadisə idi. Azərbaycanın inkişaf strategiyasında coğrafiya heç vaxt sadəcə xəritə üzərindəki mövqe kimi qiymətləndirilməyib. Ölkə yerləşdiyi məkanı iqtisadi və geosiyasi üstünlüyə çevirməyi bacarıb. Bu yanaşma enerji və nəqliyyat dəhlizləri ilə sübut olunubsa, indi eyni məntiq rəqəmsal transformasiya mərhələsində tətbiq edilir. Yeni mərhələdə məqsəd fiziki bağlantıları rəqəmsal bağlantılarla tamamlayaraq Azərbaycanı qlobal məlumat və texnologiya axınlarının kəsişmə nöqtəsinə çevirməkdir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər göstərdi ki, mövcud infrastruktur artıq yeni mərhələnin bazası kimi qiymətləndirilir. Neft-qaz layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və transmilli əməkdaşlıq formatları illərlə formalaşmış böyük idarəetmə və tərəfdaşlıq təcrübəsi yaradıb. Bu təcrübə indi rəqəmsal arxitekturanın qurulmasında istifadə olunmalıdır. Çünki iri həcmli texnoloji layihələr də ən az enerji və nəqliyyat layihələri qədər koordinasiya, texniki peşəkarlıq və beynəlxalq etimad tələb edir. Azərbaycan artıq rəqəmsallaşmanı alternativ deyil, zərurət və prioritet kimi qəbul edir.
XXI əsrdə iqtisadi güc, siyasi təsir və milli təhlükəsizlik anlayışları birbaşa texnoloji inkişaf səviyyəsi ilə bağlıdır. Azərbaycanın müasir tarixi enerji strategiyası ilə yazılıb. Məhz uzaqgörən enerji siyasəti ölkəni regional gücə və etibarlı tərəfdaşa çevirdi. İndi isə həmin təcrübə yeni mərhələyə daşınır. Cənab Prezident bu paraleli aydın şəkildə ortaya qoydu: “Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.” Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan sıfırdan başlamır. Enerji layihələrində formalaşmış beynəlxalq tərəfdaşlıq modeli, hüquqi sabitlik və investisiya etibarlılığı artıq mövcuddur. İndi bu model rəqəmsal iqtisadiyyata tətbiq edilir. Azərbaycanın geostrateji yerləşməsi tarix boyu mühüm rol oynayıb. Lakin Prezidentin vurğuladığı kimi, coğrafiya yalnız düzgün siyasət nəticəsində üstünlüyə çevrilə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq.
Asiya ilə Avropa arasında yerləşmə, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsi indi yeni məna qazanır. Bu dəhlizlər artıq yalnız yük və enerji axını üçün deyil, data və informasiya axını üçün də strateji platformaya çevrilir. Xəzərin Şərq sahilləri ilə fiber-optik bağlantı layihəsi Azərbaycanın rəqəmsal tranzit ölkə statusunu möhkəmləndirəcək. Bu, ölkəni regionun texnoloji habına çevirmək üçün real imkandır. Rəqəmsal transformasiya yüksək enerji tələbatı ilə müşayiət olunur. Data mərkəzləri və süni intellekt infrastrukturu böyük generasiya gücü tələb edir. Fevralın 11-də keçirilən müşavirə Azərbaycanın inkişaf fəlsəfəsində yeni mərhələnin başlanğıc nöqtəsidir. Əgər əvvəlki mərhələ enerji diplomatiyası ilə xarakterizə olunurdusa, indi prioritet rəqəmsal diplomatiya və texnoloji suverenlikdir. Cənab Prezident İlham Əliyevin qəti mövqeyi isə bu prosesi siyasi iradə ilə təmin edir: “Bu sahəyə daha güclü təkan verməliyik.” Azərbaycan artıq enerji və nəqliyyat dəhlizlərinin qurucusu kimi tarixə düşüb. İndi isə qarşıda duran vəzifə – rəqəmsal dəhlizlərin memarı olmaqdır. Bu isə təkcə texnoloji layihə deyil, milli gücün, strateji baxışın və dövlətçilik iradəsinin təntənəsidir. Yeni rəqəmsal arxitektura güclü dövlətin, müasir cəmiyyətin və qlobal rəqabətə hazır Azərbaycanın gələcək yol xəritəsidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev
























