İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində məsələlərə nöqtə qoyan son addım oldu. Bu əməliyyat həm regionda sülh və sabitliyin bərqərar olunması, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyimizin tam şəkildə bərpası baxımından tarixi əhəmiyyət daşıyır. 2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri qalmaqda idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin silahlı birləşmələr üç il əvvəl ərazidən çıxarılmalı idi. Dövlətimiz bu müddətdə gərginliyin qarşısını almaq, reinteqrasiya prosesini təmin etmək və məsələni danışıqlar yolu ilə həll etmək üçün humanist mövqe nümayiş etdirdi. Təəssüf ki, erməni tərəfi bu çağırışlara adekvat cavab vermədi, əksinə silahlı qüvvələrin sayını artırdı, yeni texnika gətirdi və separatçı fəaliyyətini davam etdirdi. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun qanunsuz olduğunu bildirmişdi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan rəhbərliyi bu tələbləri qulaqardına vurdu.Müharibədən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ardıcıl təşəbbüslərlə çıxış etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırdı. 2021-ci ildən başlayaraq sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlar tez-tez böhranlarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin mart–may aylarında Ermənistan tərəfinin törətdiyi silahlı təxribatlar bölgədə yeni gərginliklər yaratmışdı. Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına əməl etməyərək üç il ərzində nə canlı qüvvəsini, nə də hərbi texnikasını ərazimizdən çıxarmadı. Əksinə, Qarabağda yüzdən çox tank və zirehli nəqliyyat vasitəsi, iki yüzdən çox top və artilleriya qurğusu, müasir hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirmişdi. Beynəlxalq hüququn prinsiplərini təmin etmək, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19–20-də qısamüddətli və lokal xarakterli antiterror tədbiri həyata keçirdi. Əməliyyat nəticəsində düşmənin əsas hərbi infrastrukturları zərərsizləşdirildi, qanunsuz silahlı dəstələr tərksilah edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu əməliyyat həm də bölgədə uzunmüddətli sülh və sabitlik üçün yeni imkanlar açdı. İkinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri Ermənistan istehsalı olan minalar idi. 2021-ci ildən etibarən Ermənistan tərəfindən dövlətimizə qarşı məqsədyönlü şəkildə terror aktları həyata keçirilirdi, müharibədən sonrakı illərdə isə Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirilir və müxtəlif yerlərdə basdırılırdı. Qarabağda separatçıların qeyri-qanuni fəaliyyəti Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının haqlı narazılığına səbəb oldu. Şuşa–Laçın yolunda keçirilən etiraz aksiyası separatçıların qanunsuzluqlarına qarşı ictimai müqavimətin təzahürü idi. Xüsusilə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və ekoloji normaların pozularaq təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin səbir kasasını daşırmışdı.
Zərdab Gənclər evi SXM-in əməkdaşı-Toğrul Abulov.