Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri də yaşıl enerji istehsalıdır.
Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. İyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu siyasətin yeni mərhələyə keçidini, ölkənin enerji sahəsindəki texnoloji və təşkilati yetkinliyini, eləcə də beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf modelini parlaq şəkildə nümayiş etdirir.
Yeni stansiyanın istifadəyə verilməsi Mingəçevirin Azərbaycanın energetika sektorundakı mərkəzi mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirin payına düşür. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sovet dövründə Qafqazın aparıcı enerji mərkəzlərindən birinə çevrilən bu şəhər hazırda müasir texnologiyalara əsaslanan güclü enerji infrastrukturu ilə ölkənin iqtisadi inkişafına töhfə verməkdədir. Layihənin həyata keçirilməsində İtaliya və Çin kimi dünyanın qabaqcıl ölkələrinin şirkətləri iştirak etmişdir. Bu əməkdaşlıq Azərbaycan ilə həmin ölkələr arasında strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib. İtaliya artıq uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xüsusilə neft-qaz sahəsində geniş əməkdaşlıq mövcuddur. Çin isə son illərdə ölkəmizin bərpaolunan enerji layihələrində əsas texnologiya və təchizat təminatçısı kimi çıxış edir. “8 Noyabr” Elektrik Stansiyası bu iki ölkə ilə yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin praktiki nəticəsi kimi qiymətləndirilə bilər. Açılış mərasimində dövlətimizin başçısı qeyd edib ki, strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq”.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, şərti yanacaq sərfiyyatını da azaldacaq. Bu isə Azərbaycan üçün yalnız daxili iqtisadi qənaət deyil, eyni zamanda beynəlxalq bazarlara daha çox təbii qaz ixrac etmək imkanı deməkdir. Azərbaycanın qaz ixracı hazırda 12 ölkəni əhatə edir və bunların 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu fakt ölkəmizin Avropa üçün etibarlı qaz təchizatçısı kimi mövqeyini daha da gücləndirir və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırır. “8 Noyabr” kimi müasir texnologiyalı stansiyalar bu keçidə mühüm dəstək verir, çünki onlar təbii qaz sərfiyyatını azaldaraq yaşıl enerjiyə daha çox yer ayırmağa şərait yaradır. Bu, həm daxili enerji balansının diversifikasiyasına, həm də ixrac üçün əlavə qaz ehtiyatlarının formalaşmasına imkan yaradır. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər: “Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır”.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir. Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc