Azərbaycanın ən ucada yerləşən, ən böyük, ən səfalı və strateji baxımdan ən əhəmiyyətli rayonlarından olan Kəlbəcərdə həyat öz axarına düşür
Daha bir sevincli, şərəfli və qürurlu gün yaşadıq. Avqustun 21-də Şərqi Zəngəzurun daha bir rayonu əbədi-əzəli sakinlərinə qucağını açdı, 32 illik həsrətdən sonra Kəlbəcərə ilk köç karvanı yol aldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi.
Azərbaycanın ən ucada yerləşən, ən böyük, ən səfalı və strateji baxımdan ən əhəmiyyətli rayonlarından biri olan Kəlbəcərdə həyat yavaş- yavaş öz axarına düşür. Artıq birinci yaşayış kompleksində ilk sakinlər, ilk gecələrini keçirdilər, ilk səhərlərini açdılar və “Sabahın xeyir, Kəlbəcər”, – deyə söylədilər.
Artıq Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin bünövrəsini qoymuşdur və bir müddət sonra Kəlbəcər 10 mindən çox sakinin yaşadığı dağlar qoynunda gözəl bir şəhərə çevriləcəkdir.
Dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcərin yol infrastrukturu daha da yaxşılaşacaq, tunellər Gəncə-Kəlbəcər arasındakı məsafəni həm qısaldacaq, həm də rahat edəcəkdir. Laçın-Kəlbəcər, Naftalan-Ağdərə-Kəlbəcər yolları da ən müasir səviyyədə qurulmaqdadır.
Bir vaxtlar kəlbəcərli şair Sücaətin öz məcburi köçkün soydaşlarına təskinlik verərək qeyd etdiyi “Ağlaya-ağlaya köçən Kəlbəcər bir gün gülə-gülə qayıdacaqdır”, – ifadəsi həqiqətə çevrildi və bu reallığı yaradan da Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Azərbaycan xalqı, onun igid oğullarıdır.
Amma bizim Kəlbəcərin bu sevincli günlərinə gəlməyimiz çox da rahat olmamışdır və acı tarixləri də heç zaman unutmamalıyıq, həm ibrət üçün, həm də o faciələri bir daha yaşamamaq üçün. Görənlər bilir ki, Kəlbəcər dağların qoynunda bir qaladır, təbiətin yaratdığl bir istehkamdır. Bəs necə oldu ki, belə bir təbii müdafiə relyefinə malik olan rayonumuz 1993- cü ilin 2 aprelində işğal edildi? Burada xəyanət də var idi, satqınlıq da, səriştəsizlik də. Hətta o vaxtkı xəyanətkar AXC-Musavat hakimiyyətinin bəzi başıboş liderləri utanmadan söyləyirdilər ki, biz Kəlbəcərin işğalına özümüz şərait yaratdıq ki, BMT Ermənistanı işğalçı dövlət kimi tanısın və qoşunları təkcə Kəlbəcərdən deyil, eləcə də işğal olunmuş bütün ərazilərdən çıxartsın. Bəli, bu sözlər
İndi insana gülməli gəlir, nifrət, ən yaxşı halda isə acı təəssüf doğurur, amma 1992-93-cü illərdə məhz bu düşüncənin sahibləri ölkəyə rəhbərlik edirdilər. Məhz bu səbəblərə görə, 1991-ci ildə yaranmış tarixi şəraitdən istifadə edərək öz dövlət müstəqilliyini elan edən xalqımız, 1993-cü ilə qədər dövlət qura bilmədi, siyasi və iqtisadi xaos, dövlət rəhbərliyində olanların səriştəsizliyi, siyasi iradə və konkret siyasi proqramın olmaması, Qarabağda separatçılığın alovlanması, nəinki torpaqlarımızın işğalı ilə nəticələndi, hətta müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc