Azərbaycanın beynəlxalq enerji platformalarına ardıcıl şəkildə ev sahibliyi etməsi onun bu proseslərdə aparıcı rolunu bir daha təsdiqləyir
Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifi və fəal iştirakçısı kimi çıxış edir. Mən hesab edirəm ki, ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq enerji platformalarına ardıcıl şəkildə ev sahibliyi etməsi onun bu proseslərdə aparıcı rolunu bir daha təsdiqləyir. Martın 3-də Bakı Konqres Mərkəzi-ndə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının keçirilməsi də bunun bariz nümunəsidir. Beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkənin, 11 beynəlxalq maliyyə institutunun, 49 enerji şirkətinin və çoxsaylı yüksəksəviyyəli nümayəndələrin iştirakı Azərbaycanın enerji gündəliyinin qlobal miqyasda diqqət mərkəzində olduğunu göstərir.
Cənub Qaz Dəhlizi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu layihəsidir. Bu layihə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində reallaşaraq ölkəmizi Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevirib. Dövlət başçısının qeyd etdiyi kimi, artıq Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və bu göstəriciyə görə ölkəmiz boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Bu fakt Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyevin Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükü ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, bu addım yalnız iqtisadi deyil, həm də humanitar və strateji məna kəsb edir. Elektrik enerjisinin təmin olunması əhalinin rifahı, biznes mühitinin inkişafı və sosial sabitlik üçün əsas şərtdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar regionda sabitliyə və əməkdaşlığa real töhfə verir.
Azərbaycan eyni zamanda etibarlı tranzit ölkə rolunu da uğurla yerinə yetirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti, eləcə də artan nəql həcmləri ölkəmizin infrastruktur imkanlarının genişliyini göstərir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiya ilə 500 meqavatlıq stansiyanın inşasına dair razılaşma və Aralıq–Egey hövzəsində formalaşan 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın enerji təsir coğrafiyasının genişləndiyini sübut edir.
Azərbaycanın bərpaolunan enerji siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədinə əsaslanır. Həmin sənəddə müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modelini müəyyənləşdirir. Mən əminəm ki, Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və balanslı enerji siyasəti həm milli maraqlarımıza xidmət edir, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ölkəmiz qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək beynəlxalq enerji xəritəsində mövqeyini daha da gücləndirəcək.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru




















